İnterpress.az xəbər verir ki, “Portfolio” qəzetinin yazdığına görə, bu ilin birinci yarısında Cənubi Koreyanın Macarıstana investisiyaları ümumən 350 milyard forint təşkil edib.
Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto bu günlərdə bildirib ki, yatırılan investisiyalara və yeni iş yerlərinin sayına görə birinci yeri son beş ildə ilk dəfə Almaniya deyil, Cənubi Koreya tutub. O əlavə edib ki, Macarıstan və Cənubi Koreya arasında əmtəə dövriyyəsinin həcmi 2018-ci ildə 50 faiz, 2019-cu ilin təkcə birinci yarısında 42 faiz artıb.
Macarıstan naziri bu sözləri əsassız deməyib. Bu günlərdə məlum olub ki, Cənubi Koreyanın “Bumchun Precision” şirkəti Macarıstanda – Şalqotaryanda özünün ilk zavodunu inşa edəcək. Bunun üçün 13,3 milyard forint sərmayə yatırılacaq. Yeni istehsalat sayəsində 200 iş yeri yaradılacaq. Buna görə də Macarıstan hökuməti layihəyə dəstək göstərəcək. Zavodda akkumulyator batareyaları üçün sıxaclar istehsal ediləcək.
“Bumchun Precision” şirkətindən bildiriblər ki, Macarıstanda yüksəkixtisaslı işçi qüvvəsi, inkişaf etmiş sənaye infrastrukturu olduğuna görə yeni zavodu burada inşa etməyi qərara alıblar. Bundan əlavə, Macarıstanın coğrafi mövqeyi logistika üçün çox əlverişlidir.
İnterpress.az