Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin  nümayəndələri ilə görüşübbackend

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüş zamanı DQİDK sədri qonaqlara ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, dinc birgəyaşayış ənənəsi, tolerantlıq siyasəti, eyni zamanda dini konfessiyalara göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətlər qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır.

Prezident İlham Əliyevin Azərbaycanda multikultural dəyərlərin qorunması və tolerant münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır.

Bu gün Azərbaycanda 24-ü xristian, 8-i yəhudi, 1-i krişna və 2-si bəhai olmaqla 35 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını qeyd edən Komitə sədri, eyni zamanda xristian icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Qeyri-islam dini qurumların fəaliyyətinə dövlət tərəfindən hərtərəfli dəstəyin göstərildiyini, icmalara mütəmadi maddi vəsaitlərin ayrıldığını diqqətə çatdıran Mübariz Qurbanlı “Həyat sözü” Xristian dini icması ilə Dövlət Komitəsinin səmərəli və sıx əməkdaşlıq etdiyini xüsusi olaraq qeyd edib.

Ölkəmizə ilk dəfə 25 il öncə səfər etdiyini deyən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm həmin dövrdəki çətinliklərə baxmayaraq, hazırda Azərbaycanın çox dəyişildiyini, uğurlu iqtisadi inkişafa nail olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevlə görüşlərini xüsusi ehtiramla xatırladan qonaq respublikamızda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılmasını yüksək qiymətləndirib. Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün yaradılan azad və tolerant mühitə görə məmnunluğunu ifadə edən K.Okerhelm vurğulayıb ki, Azərbaycanın dünyaya əyani nümayiş etdirdiyi birgəyaşayış nümunəsinin kökündə dini azadlıqların təmin edilməsi dayanır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kristian Okerhelm “Həyat sözü” Xristian dini icmasının Azərbaycanda fəaliyyətə başlamasının 25 ilinin tamam olduğunu bildirib və icmanın bu münasibətlə keçirəcəyi tədbirə Komitə rəsmilərini dəvət edib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, kilsə 1983-cü ildən İsveçdə fəaliyyət göstərir və təkcə Skandinaviya ölkələri deyil, bütün dünya üçün mərkəz rolunu oynayır. Kilsədə uşaq bağçaları və xristian məktəbləri, eyni zamanda, Bibliya məktəbi mövcuddur. MDB ölkələrində “Həyat Sözü” Kilsəsinin 200 minə yaxın üzvü və mindən çox kilsəsi var.

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin  nümayəndələri ilə görüşüb

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin  nümayəndələri ilə görüşüb