Bank kartlarından oğurluq edən şəxs: “Məqsədim borcumu vermək idi”backend

Bank kartlarından oğurluq edən şəxs: “Məqsədim borcumu vermək idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Səddam Nəzərli sərbəst ifadə verib.

O, əməlini etiraf edib və özünü qismən təqsirli bilib. Təqsirləndirilən deyib ki, işsiz və borc içərisində olduğu vaxt bu yolla vəziyyətdən çıxmaq istəyib: “Əvvəlcə bir kartla yoxladım. Gördüm ki, alınır, digərlərində də davam etdim. Məqsədim, sadəcə, ehtiyacım olduğu qədər pul götürmək idi. Təxminən, 30 min borc var idi. Oğlum da xəstə idi. 40 minə yaxın pul çıxartmağı planlaşdırmışdım ki, qalanı ilə də oğlum mən çıxana qədər yaşaya bilsin”.

Kartlardan pulu necə çıxarması ilə bağlı Səddam Nəzərli deyib ki, hesablardan pulu anasının kartına yükləyib. Sonra da nağdlaşdırırmış. Əməliyyatlardan sonra o bir müddət Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıdıb və cinayətinin üstünü elə özü açıb:

“Gördüm ki, bunlardan xəbər yoxdur. Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar. Amma mən onlara ətraflı şəkildə izah elədim.

Bir neçə gün sonra mənə Emin adlı bir nəfər zəng elədi. Özünü mənə həmin bankın işçisi kimi təqdim elədi. Amma mənim telefonumda proqram var idi və orada gördüm ki, Emin BMCMİ yazılıb. Bildim ki, o, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşıdır. Mən polis əməkdaşı ilə danışdığını bilirdim, amma bunu biruzə vermədim. Polis əməkdaşı məndən bank işçisi kimi hər şeyi soruşdu və mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Danışanda əvvəlcə mənə inanmırdılar. Amma dediklərimdən, izahımda sonra mənə inandılar. Amma sonda mənə qarşı haqsızlıq edildi. Məbləğ xeyli miqdardı külli miqdar deyil. Mənə təkrarən eyni cinayəti törətmək ittihamı veriblər. Onu da bir nömrəyə köçürdüyüm 8 min manata görə. Amma cinayət işi materiallarında da var ki, mən həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdıblar. İndi bank da mənə qarşı 39 minlik mülki iddia qaldırıb. Bu da xeyli miqdardır”- deyən Səddam suallara cavab verib.

Səddam kartların sahibindən “təsdiq kodu” gəlmədən hesabdan necə pul çıxarmasını da izah edib: “Həmin kartlardan əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı”.

Səddam birdən-birə varlanmasını ailəsinə, yaxınlarına, dostlarına əldə mərc oyunundan udması kimi deyib.

Suallara cavab verən Səddam deyib ki, bankdan pul çıxardığını ictimailəşdirmək məqsədi ilə ayır-ayrı şəxslərin, təsadüfi şəxslərin mobil nömrələrinə pul göndərən zaman Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşına da pul göndərib.

Səddam bu addımı məqsədli şəkildə etdiyini deyib: “Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək və biləcək ki, bunu Səddam edib. Elə də oldu”.

Səddam deyib ki, məqsədi sadəcə borcunu vermək olub: “40 minə görə burdayam. 390 min olsaydı nələr olardı. Mənə inamırdılar. Əvvəl zərəri 90 min yazdılar, sonra da 85 min. Axırda da 70 min oldu”.

Proses davam edəcək.

İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manatı şəxsi hesablara köçürərək nağdlaşdırıb.

Xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinəm Səddam Nəzərli saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

S.Nəzərliyə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi açılıb.

Səddam Nəzərli itttihamda dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini, cəmi 40 min manat ələ keçirdiyini bildirib.

Qeyd edək ki, Səddam Nəzərli daha əvvəl də Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.