Bu yazıda Tənzilə Rüstəmxanlı haqqında heç bir fikir söyləməyəcəm. Sadəcə onu deyəcəm ki, Tənzilə xanım öz xarakteri ilə Azərbaycan ictimai-siyasi həyatında əksər kişilərdən daha dürüst şəxsiyyət sahibidir. Elə bu səbəbdən də onu qadın kimi, insan kimi, şəxsiyyət kimi aşağılayan Əjdər Tağızadə kimilərinin qarşısında öyməyə heç bir ehtiyac yoxdur. Əjdər Tağızadənin DAK-da problemi var, Sabir Rüstəmxanlı ilə çəkişir, öz siyasi və maddi maraqlarını hansı iddialar çərçivəsində reallaşdırmağa çalışır, bunlar da söz qonusu deyil. Bu, nə Sabir Rüstəmxanlının həyatda qarşılaşdığı ilk və son qovğadır, nə də Əjdər Tağızadə ömründə intriqa görməmiş adamdır. Söhbət Azərbaycan xalqının mənimsədiyi dəyərlərə, siyasi etikanın vaz keçilməz prinsiplərinə bağlılıqdan, sayğıdan, hörmətdən gedir. Özünə kişi deyən biri qadının qadınlığını siyasi mübarizə vasitəsinə çevirməz. Özünə kişi deyən biri insanların ailə münasibətlərinə qarışmaz, müdaxilə etməz, ər-arvad münasibətlərini ictimai müzakirəyə çıxarmaz. Bunu edən birinə KİŞİ deyil, “siyasətin qısa tumanı” demək gərəkir. Mən Azərbaycan diasporasının bu qısa tuman canlısının adını ilk dəfə uzaq 90-cı illərin sonunda eşitmişəm. O zaman diasporamız yenicə formalaşırdı, Dünya Azərbaycanlıları Konqresinin tədbirləri dövlət dəstəyi olmadan keçirilirdi. Amma elə ilk böyük tədbirlərdən başlayaraq Əjdər Tağızadə suyu bulandırmağa çalışır, xaricdə yaşayan soydaşlarımız arasında çıxardığı nifaqla ictimai rəyin sərt təpkilərinə yol açırdı. Yadımdadır, o illərdə- 1998- cildə- Emin Eminbəylinin “7 gün” qəzeti yüksək tirajla çıxırdı və həmkarım Asəf Quliyev həmin nəşrdə Əjdər Tağızadəni ifşa edən bir yazı da yazmışdı. Sözün açığı, o illərdən yadımda qalmış bir informasiya var, məhz Əjdər Tağızadəyə aiddir, aid deyil, indi tam xatırlamıram. Amma hafizəmdədir ki, özünü Azərbaycan diasporasının Avropadakı önəmli fiquru sayanlardan biri yaşadığı ölkədə arabada sosiska qızardıb satırdı. Əjdər Tağızadənin ictimai-siyasi mahiyyəti, çəkisi, sambalı heç zaman bundan artıq olmayıb. İstənilən səsvermədə onun həyatı boyu alacağı cəmi bir səs olub, onu da özü-özünə verib. Rəhmətlik Əbülfəz Elçibəy insanlara, ətrafında olanlara münasibəti bir az fərqli idi. O, loru dillə desək, nəcisdən konfet düzəltməyi sevirdi. Elçibəyin düzəltdiyi bu cür konfetlər sonra Azərbaycan ictimai şüuru və milli və demokratik mübarizəsi üçün zəhər-zəmbərək oldular. Elçibəyin ölümündən sonra AXCP-də, BAB-da nə qədər adamın əsl mahiyyəti ortaya çıxdı və bəlli oldu ki, onlar ya harasa ucuz xəbər daşıyanlar, ya da ən müxtəlif dövlətlərin xüsusi tapşırıqlarını icra edən şəxslər imişlər. Konfet kağızına bükülmüş Əjdər Tağızadə haqqında da bu cür şübhələr həmişə olub və olacaq, heç kimin İran ETTELAT-ının, yaxud sovet DTK-nın arxivlərini açmaq imkanı yoxdur. Pəki, bu adam 1990-cı illərdən bəri Bütöv Azərbaycan davası adına hansı fikir, hansı ideya, hansı təşəbbüs ortaya qoyub bəs? Bu adamın hansı müsbət işi, fəaliyyəti, töhfəsi olub Azərbaycana, Arazın hər iki sahilindəki xalqımıza? Google-nin yaddaşı daha güclüdür deyə, aradım, onun ağzından çıxmış bir dəyərli cümləyə, əməl dəftərinə yazılmış heç bir sağlam fəaliyyətə rast gəlmədim. 1990-cı illərdən bəri bu adam ancaq pul söhbəti edir, para davası aparır, şantajla, möhtəkirliklə, dələduzluqla məşğuldur. Cəhənnəmə qədər yolu var, hara istəyir getsin, nə istəyir etsin!- inanmıram ki bir gün bu fani dünyadan köçəndə haqqında müsbət danışan kimsə olacaq. Fəqət, bütün Tağızadə kimilərinin heç unutmamalı olduğu bir şey var: Elçibəy çoxdan həyatda yoxdur, onların özünü də, yediklərini də konfet kağızına daha heç kim bükməyəcək!
İnterpress.az