Bu gün Qanlı Yanvar qətliamından 32 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və bölgələrdə qırmızı sovet imperiyası tərəfindən törədilən qırğınlar xalqımızın qan yaddaşına yazılan ən faciəli hadisələdən biri olmaqla bərabər, həm də çağdaş tariximizə parlaq qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tariximizdir. Mənfur sovet rejimi 20 Yanvar qırğınını xalqımızın müstəqillik arzularını boğmaq üçün xüsusi amansızlıqla hazırlayıb həyata keçirsə də, lakin bu müdhiş ssenari Azərbaycan xalqının mübarizə ruhunu əsla qıra bilmədi.
Bu günlə bağlı Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında bildirib ki, heç kim bizə müstəqilliyi pay vermədi. Heç bir xarici qüvvə istiqlaliyyəti bizə sinidə hədiyyə etmədi. Biz bu azadlığımızı əziz şəhidlərimizin qanı bahasına qazanmışıq:
“Biz bugünkü müstəqilliyimizi məhz onlara borcluyuq. Onların axan qanları bizə müstəqil Azərbaycan Dövlətini miras qoydu. Odur ki, mənfur sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi o qanlı qırğından artıq 32 il keçməsinə baxmayaraq xalqımız nə M.Qorbaçov və onun Yazov, Mixaylov kimi cəlladlarının əmri ilə törədilən faciənin ağrı-acısını, nədəki şəhidlərimizin qəhrəmanlıq salnaməsini unutmur. Bu cür şanlı və qanlı tariximizi əsla unutmaq olmaz. Ümumiyyətlə, tarix heç bir halda unudulmamalıdır. Ona görə unudulmamalıdır ki, xoş olan tarixlər yenidən təkrarlansın, davamlı olsun, tariximizin hüznlü olan səhifələri isə gələcəkdə yenidən təkrarlanmasın. Faciəli günlərin təkrarlanmaması üçün o hadisələr daim araşdırılmalı, öyrənilməli və düzgün nəticələr çıxarılmalıdır. Eyni zamanda o faciələrə səbəb olmuş, şərait yaratmış qüvvələr və şəxslər daim lənətlənməlidir. Xüsusən də yetişməkdə olan gənc nəsil sovet imperiyasının o vaxtkı rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi faciənin tarixini dərindən öyrənməlidir”.
Gülşən