Cavid Hüseynovun vəkilindən döyülərək öldürülən jurnalistə hörmətsizlikbackend

Cavid Hüseynovun vəkilindən döyülərək öldürülən jurnalistə hörmətsizlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva Bakı şəhərinin baş prokuroru Əziz Seyidovla görüşüb. Görüş avqustun 28-də baş tutub. Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin müstəntiqi Kamran Məmmədovun qəbulunda olan Teyfurə Əliyevaya araşdırmalarla bağlı məlumat verilib. Mərhum jurnalistin anası daha sonra Əziz Seyidovun qəbulunda olub.

Yeni müsavat xəbər verir ki, T.Əliyeva açıqlamasında bildirdi ki, görüş zamanı həkimlərin məsuliyyətsizliyi ilə bağlı baş prokurora məlumat verib. Rasim Əliyevin xəstəxanaya gətirilməsindən əməliyyat olunanadək yaşananları Ə.Seyidova danışan T.Əliyeva şikayətlərinin dinlənildiyini və qeydə alındığını bildirdi: “Əziz Seyidov bir qrup jurnalistin də həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı müraciət etdiyini dedi. Prokuror bildirdi ki, jurnalistlərin şifahi müraciətləri dinlənildikdən sonra yazılı ərizələri də qəbul edilib. Əziz Seyidov həkimlərin məsuliyyətsizliyə yol verməsi ilə bağlı etdiyimiz şikayətlərin də araşdırılacağını, hüquqi qiymət veriləcəyini dedi”.

T.Əliyeva oğlunun ölümünə görə həbs olunan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədovun “…sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib” kimi fikir səsləndirməsindən də narazı olduğunu bildirdi: “Belə bir sözü necə demək olar? Mənə qohumlar dedi ki, vəkil belə bir açıqlama verib. İndi bir insan tanınmayıb deyə onu öldürmək lazımdır?”.

Qeyd edək ki, vəkil A.Məmmədov mətbuata açıqlamasında deyib ki, ABŞ səfirliyi, Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Rasim Əliyevin ölümü ilə bağlı verdiyi bəyanata cavab olaraq müvafiq addımlar atılacaq. Vəkilin narazılıq doğuran fikirləri isə belədir: “Azərbaycanda fotoreportyor kimi fəaliyyət göstərən, xarici mətbuatda isə tanınmış jurnalist kimi təqdim edilən Rasim Əliyevin ölümü ilə bağlı sözügedən qurumların verdiyi bəyanatlara adekvat müraciət hazırdır. Avropa Şurasına, eyni zamanda bəzi səfirliklərə də bu müraciəti göndərəcəyik. Çünki adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib. Əlbəttə, söhbət insan ölümündən gedir, buna hamı təəssüflənir. Amma mərhumun tanınmış şəxs kimi təqdim olunması Azərbaycan barədə yanlış, qərəzli təsəvvürlərin yaranmasına səbəb olduğundan biz də buna qarşı müvafiq addımlar atacağıq. Nəzərə almaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində gün ərzində, adi məişət zəminində onlarla belə ölüm halları qeydə alınır.

Xatırladaq ki, avqustun 27-də Səbayel rayon Məhkəməsində Cavid Hüseynov barəsində seçilən həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Hakim vəsatəti təmin etməyib.

Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da gecə saatlarında vəfat edib.

Jurnalistin ölümünə görə, Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub. (Bizim Yol)

İnterpress.az