İnterpress.az-ın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.
“Xəstəxanalara 122 nəfər yerləşdirilib, onlardan 11-in vəziyyəti ağır kimi qiymətləndirilir. Həmçinin, hadisə zamanı xəsarət alan iki fransalı telejurnalist də hazırda xəstəxanadadır”, deyə A.Avakov bildirib.
Onun sözlərinə görə, insident nəticəsində Milli Qvardiya əsgərləri, DİN və Dövlət Mühafizə Xidmətinin əməkdaşları zərər çəkib.
Qeyd edək ki, iğtişaş Ali Rada “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini qəbul etdiyindən sonra baş verib.
***
18:58
Ukrayna hüquq-mühafizə orqanlarının 1 əməkdaşı Ali Radanın qarşısında baş vermiş insident zamanı ölüb.
İnterpress.az “QromadskeTV”yə istinadən xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko deyib.
Jurnalistlər mitinqçilərin polislərə doğru 2 qumbara atdığını bildirirlər. Kiyevin milis rəisi Aleksandr Tereşşuk hadisə zamanı 100-ə yaxın asayiş keşikçisinin yaralandığını açıqlayıb. Yaralılardan 3-nün durumu ağırdır. A. Tereşşuk qumbaranı atan şəxsin yaxalandığını və hazırda onun şəxsiyyətinin müəyyənləşdirildiyini bildirib.
Daxili işlər naziri Arsen Avakov isə 30-a yaxın hüquq pozucusunun saxlanıldığını və həbslərin davam edəcəyini söyləyib.
***
17:02
Ukraynanın paytaxtı Kiyevdə Ali Rada yaxınlığında baş verən partlayışda 30-a yaxın şəxs xəsarət alıb. Xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
İnterpress.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ali Radada ölkənin demərkzələşdirilməsi ilə bağlı keçirilən səsvermədən sonra paytaxtda vəziyyət gərginləşib. 265 deputatın layihənin lehinə səs verməsi çox sayda insanın Ali Rada qarşısına toplaşmasına səbəb olub.
İnterpress.az