İnterpress.az xəbər verir ki, İğdırdan Dilucu sərhəd qapısına vəzifəli polis məmurlarını aparan xidmət avtomobilinə bombalı tələ qurulub. 10 polisin şəhid olduğu terrorda 3 polis də yaralanıb.
Məlumata görə, hədəf Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında Dilucu sərhəd keçid məntəqəsində çalışan gömrük məmurlarının işə getmələri üçün təhlükəsizlik tədbirləri görən polis qrupları olub.
Yola yerləşdirilmiş partlayıcı polis qrupunun Həsənxan kəndi mövqeyindən keçişi zamanı partladılıb. Hücumdan sonra bölgədə PKK-ya qarşı əməliyyat başlanıb.
Xatırladaq ki, avqustun 27-də İğdırdan Dilucu sərhəd- keçid məntəqəsindən vəzifəli polisləri daşıyan mikroavtobusa PKK terrorçuları tərəfindən çarpaz atəş açılmış və bir polis yaralanmışdı. Mikroavtobusu müşayət edən xüsusi hərəkat polisləri terrorçulara cavab atəşi açdıqdan sonra qarşıdurma yaranmışdı.
İnterpress.az