Bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Son vaxtlar XİN-də baş verən olaylara, diplomatlarla bağlı problemlərə diqqət çəkən qəzet bildirir ki, dövlət büdcəsindən XİN-ə ayrılan pulların ödənilməsində də gecikmələr yaranıb. Hətta bu səbəbdən XİN-ə bağlı bir sıra qurumların internet səhifələrinin də maliyyələşdirilməsi müşkülə çevrilib. Nəticədə ötən həftəsonu Azərbaycanın xaricdəki bir çox səfirliklərinin internet səhifələri fəaliyyətini dayandırıb.
Qəzet yazır: “Xatırladaq ki, İ.Əliyev 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə çox sərt danışıb, XİN-in fəaliyyətini tənqid edib. Prezident bildirib ki, Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat deyil.
Gələn xəbərlərə görə, E.Məmmədyarovun istefaya göndərilməsi məsələsi çox ciddidir və artıq onu əvəzləyəcək əsas namizəd üzərində də müzakirələr gedir. Sadəcə, onun istefaya göndərilməsini ləngidən səbəb Qarabağla bağlı danışıqlardır. Çünki 12 ildir ki, E.Məmmədyarov bu danışıqlarda iştirak edir və müzakirə edilən ən xırda detalları belə bilir. Hazırda Qarabağ cəbhəsində vəziyyət gərgindir və bu gərginliyin Azərbaycandakı noyabr seçkilərinə doğru daha da artacağı gözlənilir. Üstəlik, vəziyyət o yerə gəlib ki, müharibə ehtimalı artıb. Bu səbəbdən də E.Məmmədyarovun mümkün istefası noyabr seçkilərindən sonraya proqnozlaşdırılır”.
İnterpress.az