Zakir Həsənov təlimə cəlb edilən hərbçilərlə görüşdü: Danışıqlar nəticə verməsə…backend

Zakir Həsənov təlimə cəlb edilən hərbçilərlə görüşdü: Danışıqlar nəticə verməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, nazir ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında məsuliyyətlə iştirak etdiklərinə, Vətənin müdafiəsi üçün yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkürünü bildirib.

Z.Həsənov deyib ki, 20 ildən artıqdır, torpaqlarımız işğal altındadır və sülh danışıqları heç bir nəticə vermir: \”Azərbaycan dövləti daim öz ordusuna qayğı göstərərək gücünü gündən-günə artırır. Düşmən birmənalı şəkildə bilməlidir ki, biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Danışıqlar nəticə verməsə, gücümüzü göstərərək torpaqlarımızı işğaldan azad edəcəyik. Təlimlərin ilk mərhələsini yüksək qiymətləndirərək şəxsi heyətin peşəkarlığını xüsusi qeyd etmək istərdim. Təlimlərə ehtiyatda olan hərbi vəzifəlilərin də cəlb olunmasının əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini müəyyən etməkdir. Biz buna böyük əhəmiyyət veririk. Çünki ehtiyatda olanlar ordunun bir hissəsi kimi qəbul olunur. Biz hamımız döyüşlərə hazır olmalıyıq. Bu gün biz sizinlə təlimləri poliqonlarda səhra şəraitində keçiririk. Döyüş atışları icra olunacaq. Döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün siz bu təlimlərdə ciddi iştirak etməlisiniz. Qarşıya qoyulan vəzifələri, verilən tapşırıqları dəqiq yerinə yetirməlisiniz, döyüşlərə hazır olmalısınız”.

Nazir əlavə edib ki, ehtiyatda olan hərbi vəzifəlilər bu təlimlərdə iştirak etməklə əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

Nazir təlimlərin Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.

Sonra müdafiə naziri ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və hərbi hissələrə bölünməsi məntəqəsində idarə heyətinin fəaliyyəti, eləcə də şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili ilə maraqlanaraq tapşırıq və göstərişlərini verib.

Təlimlər sentyabrın 13-dək davam edəcək.

İnterpress.az