İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr, sənaye, sənaye məhəllələri, qeyri-neft ixracı, regionların inkişafı, kənd təsərrüfatı sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan biznes forumunun keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev dünyada baş verən neqativ iqtisadi proseslərə baxmayaraq, ölkəmizin dayanıqlı olaraq inkişaf etdiyini, yaradılmış möhkəm iqtisadi zəmin və siyasi iradə nəticəsində növbəti illərdə də iqtisadi artımın davam edəcəyini, bu artıma qeyri-neft sektorunun inkişafı hesabına nail olunacağını diqqətə çatdırıb. Nazir Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin çoxşaxəli, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.
M. Mard isə Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, birgə layihələrin Azərbaycanın inkişaf istiqamətlərinə uyğun olduğunu qeyd edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.
Görüşdə Ş. Mustafayev təəssüflə qeyd edib ki, əməkdaşlığımıza çox ciddi maneələr törədə biləcək məqamlar var: \”Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb və Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq\”.
Öz növbəsində M. Mard qətnamə ilə bağlı səsləndirilmiş bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.
İnterpress.az