İlham Əliyev Rusiya səhiyyə nazirini qəbul edibbackend

İlham Əliyev Rusiya səhiyyə nazirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlət başçısı Rusiyanın nüfuzlu ali təhsil ocaqlarından artıq ikincisinin ölkəmizdə fəaliyyətə başladığını vurğulayaraq bu universitetdə də təhsilin yüksək səviyyədə olacağına əminliyini bildirib.

Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması ideyasının qısa vaxt ərzində uğurla həyata keçirildiyini deyib. Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan dövlət başçısı paytaxtda və regionlarda ən müasir tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb. Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycanda da əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinə böyük diqqət ayrıldığını bildirib. Hər il dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərildiyini deyən dövlət başçısı bu cür ixtisaslaşmış universitetlərin ölkəmizdə yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu söyləyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində mükəmməl səviyyədə təhsil aldığını qeyd edən V. Skvortsova M. Əliyevanın bu ali təhsil ocağını əla qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin universitetin muzeyində saxlanıldığını deyib. Rusiyanın səhiyyə naziri Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə edib.

Tələbələrdə ilk kursdan xəstələrlə işləmək bacarığı formalaşdırılmasının əhəmiyyətinə toxunan V. Skvortsova bu məqsədlə xüsusi klinikanın seçilməsi məsələsinin də müzakirə olunduğunu deyib. Professor-müəllim heyətinin peşəkarlığının ən yüksək səviyyədə olduğunu deyən nazir bu məsələnin daim nəzarətdə saxlanılacağını bildirib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf etdiyi bildirilib və bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az