Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva Modern.az saytına açıqlamasında bildirib ki, Dilqəm və Şahbazın “cinayət işi”nə yenidən baxılmasına çalışırlar. Azərbaycanlıları müdafiə edən Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Oxancanyan və assambleyanın üzvü Svetlana Cangiryan “qətl”i ermənilərin öldürdüyü Həsən Həsənovun törətdiyini sübut edəcəkləri təqdirdə girovlar qeyd-şərtsiz azadlığa buraxıla, yaxud dəyişdirilə bilər. Arzu Abdullayevanın məhz bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Modern.az saytına deyib ki, məsələyə bu yöndə yanaşılması əslində “məhkəmə”yə hüquqi qiymət verməkdir:
“Azərbaycanlıların öz ərazilərində həbs edilərək, onlara “məhkəmə” qurulması dünyanın diqqətindədir. Girovlarla bağlı Azərbaycana müxtəlif təkliflər irəli sürənlər çoxdur. Hesab edirəm ki, real düşünənlərə qiymət vermək lazımdır. Bu gün Ermənistan iki nəfəri girov saxlayır və onlardan Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə etməyə çalışır.
Fikrimcə, Ermənistan heç bir şərt irəli sürmədən vətəndaşlarımızı həbsdən azad etməlidir. Müxtəlif vəkillərin bu məsələdə fəaliyyəti əslində Ermənistanın qurduğu legitimsiz məhkəməyə hüquqi don geyindirməkdir. Çünki Azərbaycanın işğal edilən zonası mövcuddur və Ermənistanın həmin ərazidə məhkəmə qurmaq hüququ yoxdur. Saxta məhkəmənin qurduğu oyunun nəticələri də qəbul edilə bilməz. Bu səbəbdən məsələ beynəlxalq hüquq və Azərbaycan hüququ baxımından qiymətləndirilməlidir”.
Aydın Mirzəzadə hesab edir ki, baş verənlərin hamısı Ermənistanın ortaya atdığı uydurmadır:
“Həmin hadisə doğurdanmı baş verib, yoxsa yox, bunu araşdırmaq lazımdır. Azərbaycan ərazisi olduğu üçün araşdırmanı Azərbaycanın hüquq-mühafizə orqanları həyata keçirməli idi. Amma onlar araşdırmaya buraxılmayıb. Buna görə də bu gün Ermənistanın ortaya atdığı versiyanı şərh etmək əslində “məhkəmə”yə hüquqi don geyindirməkdir”.
İnterpress.az