MTN-nin İctimai Əlaqələr İdarəsindən İnterpress.az-a verilən məlumata görə, faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Müəyyən edilib ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İnterpress.az