Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bayram günlərində əhalinin kütləvi istirahət və yaşayış yerlərində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti sentyabrın 24-dən 26-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur. Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Məlumatda həmçinin qeyd olunur ki, DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etmələri üçün əlindən gələni əsirgəməyəcək.
İnterpress.az