Tədbirdə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Koreya-Azərbaycan dostluq qrupunun üzvləri, xarici ölkələrin ölkəmizə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri, media işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Koreyanın ölkəmizdəki səfiri Çoi Suk İn ötən ilin noyabrında Koreya baş nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Səfirin sözlərinə görə, Koreya və Azərbaycan mövcud əlaqələri genişləndirməklə yanaşı, yeni sahələr üzrə də əməkdaşlığı inkişaf etdirir. Diplomat bu ayın əvvəlində Azərbaycanda Koreya hərbi attaşeliyinin açılması ilə müdafiə sahəsində əməkdaşlığın hüquqi mahiyyət almasından məmnunluq ifadə edib.Çoi Suk İn bu ilin noyabrında Koreya-Azərbaycan ticarət-iqtisadi komissiyasının ilk iclasının keçiriləcəyinə diqqət çəkib. Səfir, həmçinin, Azərbaycanla təhsil, informasiya texnologiyaları, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdiyinə bildirib.
Daha sonra çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycan və Koreya arasında birgə layihələrin həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, İqtisadi İnkişaf Fondu Azərbaycandakı çoxlu qrant layihələrində iştirak edib. Bununla yanaşı, nazir Azərbaycan tərəfindən Koreya şirkətlərinin fəaliyyətinə imkanlar yaradıldığına da diqqət çəkib.
İnterpress.az