Zığ sakinləri Abutalıbovun yolunu kəsdibackend

Zığ sakinləri Abutalıbovun yolunu kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15-dən çox etirazçı səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun yolunu kəsib.

Bu barədə virtualaz.org saytına Zığ sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, onlar Hacıbala Abutalıbovu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evinin yaxınlığında gözləyiblər: “Hacıbala Abutalıbov evdən işə gedərkən maşınının qarşısına çıxdıq. Mer maşından düşməsə də bizim şikayətimizi dinlədi. Hacıbala Abutalıbov Zığda evlərin qəzalı vəziyyətə düşdüyündən xəbərdar olduğunu, lakin onların köçürülməsinin BŞİH deyil, Nazirlər Kabineti tərəfindən həyata keçirilməli olduğunu dedi. Dedi ki, bu problemlə baş nazirin müavini Abid Şərifov məşğul olur. Halbuki ötən gün Nazirlər Kabinetinin qarşısına toplanmışdıq. Orada bizə dedilər ki, sizin işinizi Bakı Şəhər İcra Hakimiyyətinə göndərmişik”.

Narazı sakinlər dünən Prezident Administrasiyasının da qarşısına toplaşıblar: “Prezident Administrasiyasından Zığ qəsəbəsindəki qəzalı evlərlə bağlı Abid Şərifova tapşırıq verildiyini dedilər. Təkrar Nazirlər Kabinetinə getdik. Oradan isə meriyaya getməyimizi tövsiyə etdilər. Dünən Hacıbala Abutalıbovun qəbuluna düşmək istəsək də mer bizi qəbul eləmədi. Bu gün isə Hacıbala Abutalıbov sürüşmə zonasındakı qəzalı evlərin məsələsinə meriya tərəfindən baxılmadığını dedi. Artıq neçə vaxtdır ki, rəsmi qurumlar arasında ötür-ötür oyunu gedir”.

Zığ sakinləri yenidən çadır qurub gecələməyə qərar veriblər: “Qurban bayramı ərəfəsində çadır qurub orada gecələmək istəyirdik. Amma sahə müvəkkili çadırı sökdürdü. Bu dəfə isə qərarlıyıq. Qəzalı evlərimizin yanında çadır qurmuşuq. Problem həll edilməyənədək çadırdan çıxmayacağıq. Bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Zığ qəsəbə nümayəndəliyinə, kənd sovetinə məlumat vermişik”.

Sakinlər avqustun sonunda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla da görüşüblər: “İlqar Abbasov problemimizdən xəbərdar olduğunu, məsələ ilə bağlı Nazirlər Kabinetinə məlumat verildiyini dedi. İcra hakimiyyətinin başçısı Qurban bayramınadək problemin həll ediləcəyini söyləmişdi. Bayram isə iki həftə qabaq olub”.

Qeyd edək ki, ötən həftə Hatəm Allahverdiyev küçəsidə daha bir ev uçub. Evin sahibi Cabir Alışovun sözlərinə görə, ev tamamilə yararsız hala düşüb: “Ev qəzalı vəziyyətə düşdüyündən kirayəyə köçmüşük. Amma artıq kirayəyə də pul çatdıra bilmirəm. İndi isə ev tamamilə dağılıb. Nə edəcəyimizi bilmirəm”.

Qəsəbə sakini Ələkbər Hacıyevin də evi qəzalı vəziyyətdədir: “Bizim ev təhlükəli vəziyyətdə olan 55 evdən biridir. Amma kirayəyə köçməmişəm. Mənə kirayəyə köçməyə təklif elədilər. Evdə 12 nəfərik, 2 otaqlı evin kirayəyə pulunu verirlər. Üstəlik bir-iki aydan sonra kirayə pulu da ödənilmir. Mən 12 nəfəri hara aparım, iki otaqda necə qalaq? Buna görə də köçmək istəmədiyimə dair ərizə yazdırdılar, notariusda təsdiqlədib götürdülər. Evim uçmaq üzrədir. Evim başımıza uçsa, bunun məsuliyyəti dövlət qurumlarının üzərinə düşür”.

İnterpress.az