Bu sözləri Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil krediti və qrantlarının verilməsinə başlanılacaq.
Mikayıl Cabbarov çıxışında Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifinin irəli sürüldüyünü qeyd edib: “Təhsil Nazirliyi, əlavə ştatlar tələb olunmadan daxili ixtisarlar hesabına peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir ilk-peşə ixtisas proqramlarının işlənib hazırlanması üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürüb. Bununla yanaşı, ümumi təhsil müəssisələrində IX sinfin yekununda yüksək akademik nailiyyətlər əldə etməyən şagirdlər üçün peşəyönümlü siniflərin yaradılması konsepsiyası üzərində işə başlanılıb”.
İnterpress.az