Bu dövr ərzində Azərbaycan İstanbul Kültür Evi bir çox sosial və ictima-mədəni sahədəki tədbirləri və digər yönlərdəki fəaliyyətləri ilə toplumumuzun ehtiyaclarına cavab vermək və mədəniyyətimizi başda İstanbul olmaqla Türkiyədə daha geniş çevrədə tanıda bilmək üçün öz işinə şövqlə davam etməkdədir.
Öz kültürümüzdən xəbərsiz böyüyən , hətta kültürümüzə getdikcə yadlaşmaqda olan övladlarımızı mədəni irsimizlə tanış etmək məqsədilə çeşidli konsertlər, konfranslar, panel və digər tədbirlər həyata keçirsək də mədəniyyət və sənətin yanlış və kasad təbliği baxımından əskik qalan toplumumuza görə bu çalışmalarımızın yetərsiz qaldığını gördük.
Bu baxımdan mövcud boşluğu doldurmaq səbəbilə öz yayın evimizi qurub yenə bir ilkə imza atdıq. Bəhs edilən boşluğu təşkilatımızın idarə heyətinin birgə qərarı ilə Kültür Evinin nəzdində “ Azərbaycan Kültür Evi Nəşrləri” adı altında gerçəkləşdirdik.
Başlanğıc olaraq iki dəyərli gənc yazarımızın əsərini Türkiyə oxucularına çatdırmaqla, gəncliyimiz qarşısında yeni fürsətlər açmaq , uyğun şəraitlər yaratmaq istiqamətində başladıq.
İlk olaraq dəyərli şair və yazarımız Yurdsevən Şənin “Fərizə” adlı romanını və Azərbaycandan olan Elxan Xanalızadənin “Yol” adı ilə nəşr edilib, əsasında film çəkilən romanını “Sürgün” adı ilə Türk ədəbiyyatına qazandırdıq.
Bu iki romanın ümumiləşmiş ən önəmli cəhəti son iki əsrdə Azərbaycan coğrafiyasında millətimizin yaşamış olduğu acıları və faicələri insanların həyat hekayələri üzərindən güclü bir vurğu ilə ifadə edərək dilə gətirməsidir. Hər iki kitabda vətənimiz üzərində oynanılan oyunlar ustalıqla qələmə alınmışdır. Yaxın günlərdə ədəbiyyat mühitinə qovuşdurmağı düşündüyümüz bu romanların müəlliflərinə indidən təşəkkür edirik.
Hikmət Elp
İstanbul Azərbaycan Kültür Evi Başqanı
İnterpress.az