Türklərdə qadın anlayışıbackend

Türklərdə qadın anlayışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın Anadır, Qadın Millətdir, Qadın Vətəndir, Qadın Şəhiddir.

Bu gün İnsanlığın qəddarcasına istismar olunma düşüncə tərzinə yuvarlanmasının əsas amillərindən biri də insanları “gender bərabərliyi” adı altında yaşanılan inkişafın modern düzəni ilə dərin siyasətlər aparılmasıdır. Yaradılışın ən zərif və incə varlığı olan qadına sözdə hüquqlar verməklə əslində onun ağır məşəqqətlərə düçar edilməsi anlayşı elə bu düşüncənin məhsuludur. Dünyanın demək olar ki,bütün ölkələrinin ana yasalarında yazılan qanunlarına görə istənilən qadın bu gün azaddır. Mənəvi və psixoloji baxımdan, yaradılış anlamından isə o dünyaya gəldiyi gündən qula çevrilib. Guya islamda və digər dinlərdə qadına çox geniş hüquqlar və dəyərlər verilir. Əsil reallıqda isə qadının istismar edilməsi və onun hər anda alçaldılmasında bütün dinlər daxil olmaqla “din pərdəsi” adı altında onlar qəddarcasına, acımadan böyük məharətlə “hüquqsuzluq” predmetinə çevrilirlər.
Qula çevrilmənin təməli
Bu gün dünyanın aparıcı təməl baxışlarında yer alan başlıca amil qədim Misir mədəniyyəti prinsiplərinin yer almasıdır. Bunun da əsas səbəbi yaradılışın haradan qaynaqlanması deyil, güclünün başqasına qul təfəkkürü ilə yanaşması anlamında formalaşmasıdır. Qədim Misir mədəniyyətinin təməl prinsipi olan “kopt mədəniyyəti” düşüncə tərzində güclü olanın tanrılaşdırılması, onun vahid güc kimi qəbul etdirilməsi başlıca dəyərlərdən biri idi. Yaradılışın və cəmiyyətin, zərif və incə varlığı olan qadına koptlar “arpad” və ya indiki şəkildə “arvad” deyə müraciət olunardı. Bu sözün hərfi və məntiqi anlamı isə “qul” deməkdir. Məhz buna görə də, Orta Doğuda mövcud olan dövlətlərdə quldarlıq və qul olma prinsipləri üzərində düşüncə tərzi hakim olmuşdur. Bir çox dövlətlərin tarixində yer alan estetik anlayışlara görə cəmiyyətdə qadına qul düşüncəsi ilə yanaşılması əsas prinspilərdən biri sayılmışdır. Asiya sivilizasiyasında yer alan buddizm təfəkkür tərzində qadın sadəcə kişinin, yəni güclünün qulu, onun ehtiraslarının əsiri kimi sayılmışdır. Hətta buddizm təlimində yer alan “şiva” düşüncə tərzi indinin özündə belə davam etməkdədir. Beləliklə son beş yüz ildə dünya mədəniyyətinə zorla aşılanan və qədim dünya tarixində yer alan Misir, Hindistan və Çin mədəniyyətinin prisinpləri əsasında demokratik cəmiyyətə doğru yönəldilən qanunlar toplusunda irəli sürülən hüquqi baxışlar yalnış bir yolla addımlamışdır.
Türkün qadın anlayışı
Əgər qadına olan baxışlar qədim türklərin anlayışı ilə yanaşılsaydı, bəşəri anlamda dünya mədəniyyətində türklərin özgür və hürr yaşam tərzinin qanunlarına söykənilsəydi, daha fərqli bir cəmiyyətin şahidi olardıq. Çünki, türklərdə hər zaman qadına qul kimi deyil, ana, xatun, emegen, xanım,bəyim deyə müraciət edilmişdir. Bu sözlərin hər birinin funksionallığı isə xüsusi anlam daşıyır. İndinin özündə belə, minillərin yaddaşı kimi türklər qadını ən şərəfli varlıq kimi saymışlar. Türk xalqlarının dilində ana sözü Çox önəmlidir. Bu sözün hərfi mənası anım, yəni yaradanım və unuda bilməyəcəyi müqəddəs varlıq deməkdir. Məntiqi anlamı isə, şərəf və ləyaqətimin uca zirvəsi məfhumu ilə bağlıdır. Ona görə də, türklərdə ana söyüşü ən böyük təhqiramiz məna ilə ölçülür. Xatun sözünün mənasında duran başlıca fikir soyun, ulusun və dövlətin hamisi və başbuğu Xaqanın aristokratik və genetik dəyərlərinin tacı mənasını daşıyır. Xanım deyimində hər bir ailənin məşvərətlə idarə olunmasının, övladların təlim-tərbiyəsinin hamisi olan Xan kəlməsinin ən məhrəm və funksional dəyəri kimi qəbul edilir. Burada “ım” şəkilçisinin artırılması həmin məsuliyyəti artırmaqla yanaşı, həm də qadına verilən ən yüksək dəyər deməkdir. Emegen sözündə, ailə,soy və ulus tərəfindən ağbirçəyin əcdad kultu səviyyəsində qiymətləndirilməsinin mənası, onun müqəddəs varlıq, əcdadlarının ululuğuna verilən qiymətin zərifliyi kimi qəbul edilir. Banu gənc qadının kübarlığı, onun həm əcdad kultu, həm də gələcək nəslin altunu sayılır. Banu sözünün başqa bir mənası türk qadınının gəncliyinin namusu, şərəfi və ləyaqət simvoludur. Türklərdə gənc qadının ailə və soyun davamçısı olmağı, öz zəhməti, tərbiyəsi, ləyaqəti ilə qazanmağı bacarana Banu deyilir.
Yırtıcı kapitalizm düşüncəsində qadın
Feodalizmdə qadının hüquqları tamamilə inkar edilirdisə, kapitalizmdə ona hüquq verməklə, yeni istismar düzəninə təkan verildi. Beləliklə qadın gündə 12-15 saat yırtıcı kapitalistlər üçün işləmək məcburriyyətində qaldı. Bu, qadının istismarında yeni dönəmin başlanğıcı kimi yırtıcı kapitalizmin əsas gəlir mənbələrindən birinə çevrilməsi demək idi. Bu gün “gender bərabərliyi” adı altında qadına dövlət qayğısı deyil, onun daha çox istismar edilməsinin prinsipləri də məhz buradan qaynaqlanır. İngiltərədə XI yüzilliyə qədər qadın “murdar” məxluq sayıldığı üçün “İncil” kitabına əl vura bilməzdi. Ərəblərdə bu günün özündə belə, adi bir dəvənin qiyməti yüz qadından daha çox dəyərli sayılır.
Qadının dəyərsiz əşya kimi qiymətləndirilməsi qədim Babil qanunlarının timsalında hələ də ərəblərdə ehkam kimi qəbul edilməkdədir. Buna görə də çoxarvadlılıq düşüncə tərzi Orta Doğunun əsas bəlası olaraq qalmaqdadır. Qədim yunanlarda qadın “şər”in təmsilçisi sayılırdı. Bu gün özlərini bəşəriyyətin ən sivil mərkəzi sayan Avropada qadın haqları ilə bağlı çoxlu qanunlar qəbul edilməsinə baxmayaraq, genetik baxımdan bütün bunlar göründüyü kimi deyil. Ona görə ki, yırtıcı kapitalizmin maraqlarında məhz “insan alveri” (ən çox da qadın) siyasəti ilk sırada dayanır. Budda təliminə görə isə, qadın sadəcə eyş-işrət üçün bu dünyaya gəlmişdir.
Türk irqində qadın obrazı
Bu günün özündə belə Altay, Toleut, Telengit türklərində bir insanın dayı, əmi, bibi və xalası qızı ilə evlənməsi ən böyük günah sayılır. Çünki, bu zümrədən olan qadınlar həm də evlənmək istəyən gənc oğlanIn bacısı hesab olunur. XIV yüzillikdə yaşamış məşhur İtaliya səyyahı Marko Polo Türküstan səfəri zamanı yol qeydlərində bunları yazırdı: “Türklərdə qadının özəl yeri vardır. Onlar ömür-gün yoldaşını seçməkdə tam sərbəsdirlər. Qadına xatun, banu, bəyim, xanım və emegen deyə müraciət edirlər. Bunun mənası isə, qadının ailədə hər şeydən uca sayılması, ona olan müqəddəs varlıq kimi baxılmasıdır. Çünki, qadın öz ömür-gün yoldaşı kimi kişinin evdəki dirəyi sayılır. Türklər uzaq səfərə çıxdıqda ailənin hakimiyyəti ananın üzərinə düşür. Biz qərblilərdə belə bir anlayış yoxdur. Türklər qadın olmadan hər hansı bir qərarı verməzlər. Bir sözlə qadın türk kişisinin yanında onun tamamlayıcısıdır”.
Türklərdə kişilər ancaq bir qadınla ailə qura bilərdilər. Onlarda çoxarvadlılıq baxışlar məhz ortaçağ düşüncə tərzinin dəyişməsi sayəsində baş vermişdir. Ümumiyyətlə cağdas türk mədəniyyətində yamaq kimi görünən əməvi (ərəb) mədəniyyəti demək olar ki, Türk Dünyasına hakim ola bilməyib. Onu da qeyd etmək lazımdır ki, islam dini adı altında ərəb mədəniyyəti həm tarixi keçmişimizdə, həm də bu günün özündə belə, var gücü ilə nə qədər çalışsa da, bu mədəniyyət türklər arasında heç zaman tam yayğın xarakter daşımamışdır. Qədim türklərdə “Xaqan buyurur” ifadəsi heç bir hüquqi statusa malik deyildi. Əgər “Xaqan və Xatun, Bəy və Bəyim, Xan və Xanım, Er və Emegen buyurur” yazılırdısa, həmin göstərişlər qanuni sənəd sayılırdı. Qədim türklərdə başqa qadına qarşı hansısa zina əməlində bulunmanın cəzası həmin şəxsin iki yerə parçlanması ilə nəticələnərdi. Bilgə Xaqanla bağlı kitabələr bununla başlayır: “Sizlər anam xatun, böyük anaların…” Əski türk inanclarında Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Yel Ana, Ulu Ana kimi obrazlar da qutsal qoruyucular- müqəddəs ilahələdrir. Dünyanın başqa xalqlarının tarixində, mədəniyyətində və genetik baxımdan bunca qadın uca sayılmamış və tutulmamısdır.
Çağdaş dünyamızda qadın anlayışı
Peğəmbərimizin buyurduğu kimi: \”Cənnət Anaların Ayağı Altındadır\”-gerçəkdən bu belədirmi? Peyəmbərimizin buyruğuna nə qədər əməl etmişik?.
Qadın kimdir? Bu suala cavab vermək üçün, ilk öncə anamızı, bacımızı, qızımızı, həyat yoldaşımızı, digər yaxınlarımız olan qadınları göz önünə gətirməliyik. Dövlət düzənində və qanunlarda isə, qadına dövlət qayğısı anlamına bağlı olan hüquqlar daha çox təsbit edilməlidir. Mənə ölkə göstərin ki,nazirliklərin yüzdə əllisi qadın olsun,Prezidentinin qadın olduğu neçə ölkə saya bilərik?,və yaxud parlamentində əlli faizi qadın olan ölkə duydunuzmu?,Deməli qadın siyasi rəqib olmadıqda,ayağının altı cənnət olurmuş,siyasi rəqıb olursa dunyanı onun üçün səhənnəmə çevirənlər,bunu qəhramanlıq hesab edərək,sinəsini gərə-gərə gəzir və bu kişilik hesab olunur.
Bu günkü qadının durumu və rolu
Unutmaq olmaz ki, çağdaş dünyada respublika statusu ilə tanınan ölkələr sırasında ilk dəfə qadınlara azadlıq verilməsi, onun kişilərlə eyni bərabər hüquqlara sahib olması qanunu 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətində verilmişdir. Avropada qadın haqlarının tanınması haqqında qanunlar 1940-cı illərdə gündəmə gətirilmişdir. ABŞ-da bu qanun 1960-cı illərdə rəsmi status qazanmışdır.
Bu gün dünyanın inkişaf etmiş cəmiyyətlərində qadının rolu çox da ürəkacan deyil. Biz hər yerdə qadınların ayrı seçkiliyə məruz qalmasının şahidi oluruq. Qadınlar yüksək vəzifələrə irəli çəkilsələrdə də, gerçəklikdə onlar qadın olaraq yox dərəcəsindədirlər. Bugün Qərbə məxsus demokratik düzəndə qadınlar daha çox istismar olunurlar. Tez-tez qadınların qətil edilmələrinin, onların müxtəlif cinayətlərə görə həbsə atılmalarının şahidi oluruq. İslam Dünyası adı altında qadınlara qarşı münasibətdə kişilərimiz təəssüflər olsun ki, əməvi (ərəb) mədəniyyətinin konseptual vərdişləri ilə davranır. İndi faktiki olaraq müsəlman ölkələrində hacıların sayı artdıqca insanlıq və humanislik də tədricən yox olmaqdadır.
Unutmaq olmaz ki, millətin varlığı qadınların çiynindədir. Qadın Anadır, Qadın Millətdir, Qadın Vətəndir. Bizdə Ana faktoru müqəddəsdir. Bir cox xalqlar kimi ata vətən deyil, vətənimizə Ana Vətən deyirik. Əgər vətənimizə ana deyiriksə, o zaman analara vətən kimi baxmağı da öyrənməliyik…
Qadın zərifliyi və həyat
Qadın anadır, bacıdır, ömür-gün yoldaşıdır, ailənin təməl daşıdır.Qadını kölə və qul gözündə görmək, bu təfəkkürlə ona yanaşmaq elə kişinin diriykən insanlıq dəyərini və vəzifəsini birdəfəlik itirməsi deməkdir. Qadına heyvani baxışla yanaşmaq isə quldarlıq düşüncə tərzinin irsi xəstəliyinin geri dönməsidir. Qadın canlı varlıqların ən zərif və ən müqəddəs varlığıdır. Onu həyata bağlayan nə kimi incə şeylər varsa, bütün bunlar həm də kişilərin bacarığı ilə birbaşa bağlıdır. Çünki, qadın incə varlıq olmaqla yanaşı, kişinin şərəf və namusunun simvoludur. Çox istərdik ki, Cəfər Cabbarlının \”Ana\”, Əli Kərimin “Qaytar Ana borcunu”, Sabir Rüstəmxanlının \”Analar Ağlamasın\”, Ramiz Rövşənin \”Qara paltarli qadın\” şerlərini hamı əzbərdən öyrənsin. Ananın, qadının bir anlıq nəvazişini dünyada heç kimsə çəkmək qüdrətində ola bilməz. Qadın fədakarlıq nümunəsidir. Qadınlarımız yalnız yazdığımız romanların,seirlərin baş qəhramanı olmamalıdır,onlar gerçək həyatımızın qəhramanları olmalıdır.Və deyildiyi kimi: Bir millətin mədəniyyəti onun qadına olan münasibəti ilə ölçülər.

Vicdan tərəzinizi itirməyin.