Yubiley təəsüratlarını AzNews.az-la bölüşən F.Mustafa bu əziz gününü ailəsi ilə birlikdə qeyd edəcəyini deyib: “Axşam ailəmlə birlikdə olacağam. Çünki bu, ən çox onların haqqıdır. Budan başqa bu gün həm də bir tədbir keçirəcəyəm. Orada nəşr olunan kitablarımın təqdimatı olacaq. Mərasimə ziyalılar, millət vəkilləri dəvət olunub”.
F.Mustafanın sözlərinə görə, 50 yaş insanda məsuliyyət hissini bir az da artırıb: “Yaş doğru həyatda olan insanlar üçün məsuliyyətdir, sıxıntıdır. Yaş artıqca narahat olursan. Amma həyata baxışın doğru olanda, axirət haqqında təsəvvürlərin yerində olanda yeni yaş insanda məsuliyyətdən başqa bir şey olmur. Daha çox işləyib, yarım qalanları tamamlamaq lazımdır”.
F.Mustafa vurğulayıb ki, peşəsindən və yaşından asılı olmayaraq, hər bir insan vicdanla işləməlidir: “Mənim üçün fərqi yoxdur, harada olursansa ol, sadəcə vicdanla yaşamaq və işləmək lazımdır. İnsan öz funksiyasını yerinə yetirməlidir. Bu varsa sənə qiymət veriləcək”.
Millət vəkili deyir ki, bu günə kimi həyatında baş verən təəssüfedici hadisələri taleyin qisməti kimi qiymətləndirib: “Ona görə də çox aludə olmuram. Hər bir hadisə pisi və yaxşısı ilə həyatımın tərkibidir. Onu kəsib atmaq olmaz”.
Xatırladaq ki, F.Mustafa 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Dağlıq Qarabağın erməni iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub. 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə Ə.Elçibəyin özəl təmsilçisi olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib. 2003-cü ildə yaradılmış Böyük Quruluş Partiyasının başqanı seçilib. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Fəlsəfə elmləri namizədidir. 12 kitabın müəllifidir.
Ailəlidir, 2 övladı var.
İnterpress.az