Dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki «Dostluq parkı» yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərrə yol verilməsi halları ilə bağlı narazılıqlar olub. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanıb.
Keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan «Döstluq parkı» ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmış və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılıb, boş sahələrin hasarları sökülərək ərazi təmizlənib.
Reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüqüq-mühafizə orqanlarına göndəriləcək.
Eyni zamanda qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir.
Səbail rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcək.
İnterpress.az