Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşdən sonra mətbuat konfransında deyib.
E.Məmmədyarov bildirib: “Bizim iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri üzrə məhsuldar danışıqlarımız oldu. Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini tezliklə dünyaya, Mərkəzi Asiyaya və Çinə təqdim etməlidirlər”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da Gürcüstana səfər edəcək: “Biz bu səfərə hazırlığı, eləcə də səfər zamanı imzalanacaq ikitərəfli sənədlərin layihələrini müzakirə etdik\”.
Öz növbəsində, G.Kvirikaşvili bildirib ki, Gürcüstan və Azərbaycan ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörməti təsdiq ediblər: “Hər iki ölkə əməkdaşlığı davam və inkişaf etdirmək, eləcə də enerji tranziti layihələrində vacib rol oynamaq niyyətindədir. Ölkələrimiz Avropa və Asiya arasında tranzit ölkəsi rolunu oynamaq üçün hər cür səy göstərəcək”.
E.Məmmədyarov diqqətə çatdırıb ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə sahəsinin tikintisinin tezliklə başa çatdırılacağına ümid edir: “Bu layihə çox vacib nəqliyyat dəhlizidir və onun tezliklə reallaşdırılması məsələsini razılaşdırdıq”.
G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan bu layihə çərçivəsində öz sahəsini inşa edib və ümid edir ki, cari ildə və ya gələn ilin sonuna dəmiryolun Türkiyə hissəsi də tikiləcək.
İnterpress.az