Dövlət başçısı əvvəlcə kompleksin görüntülərini, həmçinin müasir məhkəmə komplekslərinin binalarının layihələrini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, kompleksin ümumi sahəsi 9 min kvadratmetr olan yeddimərtəbəli binasının inşasına 2012-ci ilin oktyabrında başlanılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb.
Kompleksdə Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerləşir.
Prezident İlham Əliyev binadakı məhkəmə zalları ilə tanış olub.
Dövlət başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
İnterpress.az