Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılması ilə Milli Təhlükəsizlik Nazirliyində başlamış hadisələrdən 1 həftə ötdü. E.Mahmudovun istefaya göndərilməsi ilə MTN-də başlamış həbslər, bu strukturda ciddi kadr dəyişiklikləri davam edir. Məlumatlara görə, nazirliyin rəhbər kadrlarının yarıdan çoxu, o cümlədən şöbə rəisləri, rayon MTN-in rəisləri artıq işdən uzaqlaşdırılıb. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, hansısa nazirlikdə bu qədər total şəkildə, həm də səbəbi tam izah edilmədən “təmizləmə” həyata keçirilir.
Təkcə son iki gündə Eldar Mahmudovun “sağ əli” kimi tanınan MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev də daxil olmaqla Antiterror Mərkəzinin rəis müavini polkovnik Nail Tağızadə, idarə rəisi polkovnik Nazim Lətifov, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən nazirliyin bir neçə rayon şöbəsinin rəisi vəzifələrindən azad ediliblər. Amma bu “təmizləmə” təkcə MTN-lə məhdudlaşmır. Eldar Mahmudovun bütün dövlət qurumlarında olan kadrları hədəfdədir. İş orasındadır ki, sabiq MTN şefi hakimiyyət içərisində o qədər ciddi fiqura çevrilibmiş ki, bəzi nazirliklərdə özünə “nazir müavini”, “idarə rəisi” təyin etdirir və bunu gizlətmirmiş də. İndi isə onların işdən çıxarılması və məsuliyyətə cəlb edilməsi başlayıb. Bu proses gözlənilən idi. “Yeni Müsavat” həftəsonu bu mövzuda yazdığı manşet materialında MTN-də “partlayan bombanın qəlpələrinin” digər dövlət strukturlarına da sıçrayacağını yazmışdı.
Eldar Mahmudovun keçmiş iş yoldaşı – “vergi canişini”
Vergilər Nazirliyinin idarə rəisi, 3-cü dərəcəli dövlət dövlət ədliyyə müşaviri Vidadi Məmmədov vəzifədən çıxarılaraq “MTN işi” ilə bağlı Baş Porokurorluğun başladığı istintaqa cəlb edilib. V.Məmmədov bu ilin avqust ayında Vergilər Nazirliyində geniş səlahiyyətlər verilmiş Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinə rəis təyin edilib. İddiaya görə, o da MTN-in təlimatları əsasında iş adamlarını soyurmuş. V.Məmmədov iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilirmiş. V.Məmədovun rəhbərlik etdiyi yeni idarə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin, borcluların əmlakına həbs qoyulmaq kimi geniş səlahiyyətlərə sahib olub.
“Yeni Müsavat”ın məlumatına görə, V.Məmmədovun istintaqa cəlb edilməsi və mümkün həbsi vergilər naziri Fazil Məmmədovun hakimiyyətdə laxlamış mövqeyinə təsir edəcək, iş adamlarının MTN-də incidilməsindən nazirin nə qədər məlumatlı olması araşdırılacaq. Hər halda barəsində çoxsaylı şikayətlər olan V.Məmmədovun niyə cəmi iki ay qabaq daha geniş səlahiyyətli idarəyə rəis təyin edilməsinin hesabı sorulacaq. Bu təyinatda E.Mahmudovla yanaşı vergilər nazirinin də nə qədər marağı olduğu araşdırılacaq.
Vidadi Məmmədovla E.Mahmudovun münasibətləri hələ Daxili İşlər Nazirliyində İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsində başlayıb, bir yerdə işləyiblər. Sözügüedən idarə ləğv edildikdən sonra onların yolları ayrılıb, V.Məmmədov Vergilər Nazirliyində əməliyyatçı vəzifəsinə düzəlib. Amma belə görünür ki, məhz E.Mahmudov sayəsində əməliyyatçı vəzifəsindən Vergilər Nazirliyində ən mühüm posta yüksələ bilib.
MTN brilyant biznesini necə ələ keçirib – şok xəbər
MTN-in brilyant biznesini monopoliyaya aldığı barədə ötən saylarımızda xəbər vermişdik. Bu mövzuda daha sensasion məlumatlar almışıq. Məlumatlı mənbənin iddiasına görə, MTN brilyant trafikini bir neçə il əvvəl – AZAL-ın təhlükəsizlik xidmətində qalmaqallı həbslərdən sonra nəzarətə keçirib. 2007-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı AZAL-ın Təhlükəsizlik Xidmətinin rəisi Emil Süleymanov, eləcə də MTN-in Binə Hava Limanındakı şöbəsinin rəisi Rafət Əliyev də daxil olmaqla daha bir neçə nəfər “Rusiyanın xeyrinə casusluq ittihamı” ilə həbs edilmişdilər. Bu iş mediada da ciddi rezonans doğurmuş və günlərcə müzakirə edilmişdi. Mənbə deyib ki, əslində bu həbslərdə məqsəd hava limanında brilyant idxalına nəzarəti ələ götürmək olub. “Çünki onların Rusiyanın xeyrinə işləyib ali dövlət rəhbərliyinin iqamətgahını dinləmək imkanları real deyildi. Onlar nə xarakter etibarilə buna risk edə, nə də bu cür müasir texniki vasitə əldə edə bilməzdilər”, deyə mənbə bildirib. Mənbəmiz daha bir sensasion iddiasında deyib ki, MTN rəhbərliyi hətta brilyant trafikini xaricdən yönləndirmək üçün Xarici İşlər Nazirliyindən səfirlik postu belə almağa nail olub. Qaynağımız bu biznesin yönləndirilməsi üçün daş-qaş ehtiyatları ilə zəngin bir Afrika ölkəsində Azərbaycanın səfirliyini yaratmağa nail olduqlarını deyib. Həmin ölkənin və səfirin adı redaksiyamıza məlum olsa da, bu mövzuda araşdırma apardığımız üçün hələ yazmırıq. Amma mənbə deyib ki, E.Mahmudovun istefaya göndərilməsindən sonra XİN indi həmin Afrika ölkəsindəki səfiri də geri çağırmaq istəyir. Amma onun da siyasi sığınacaq istəməsi ehtimalı olduğundan hələ ki gözləməyə qərar veriblər.
Yeni nazir – heç kimin gözləmədiyi yeni namizəd
Oktyabrın 19-da prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Eyni zamanda, yeni nazir təyinatı olana qədər nazir səlahiyyətlərinin icrası da M.Quliyevə həvalə edilib. Məlumdur ki, prezident daha bir fərmanla MTN strukturunda dəyişikliklər edib. Gözlənilir ki, MTN-in bəzi səlahiyyətləri Dövlət Sərhəd Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri arasında bölüşdürülsün. Məlumdur ki, artıq gizli dinləmələrlə bağlı DİN-ə də səlahiyyətlər verilib.
Yeni nazirin kim ola biləcəyi ilə bağlı mediada bəzi isimlər hallanıb. Amma ənənəvi olaraq bu cür proqnozlar doğrulmur. Məsələn, elə M.Quliyevin nazir müavinin təyin ediləcəyi heç kimin ağlına belə gəlməzdi. Məlumatlara görə, MTN şefinin bu cür sərt vurulması həm də iqdarda ikinci soyadın da zəiflədilməsi kimi yozulub. Çünki E.Mahmudov naxçıvanlı olsa da, iqtidarda “Bakı qrupu” kimi tanınan komandada təmsil olunurdu.
E.Mahmudovun vurulması ilə “Bakı qrupu”nun ən nüfuzlu simalarından olan Əli Əsədovun istefası da gündəmə gəlib, mediaya onunla bağlı da ciddi faktlar ötürülür. Uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna iddialı olan Ə.Əsədovun MTN şefinin işdən çıxarılması ilə mövqeyi kifayət qədər zəifləyib. Ona görə də MTN-də “Bakı qrupu”na əks qrupdan birinin vəzifə alması əvvəldən şübhəli görünürdü. Bu səbəbdən də heç kimin gözləmədiyi halda, M.Quliyev birinci müavin təyin edildi.
Hakimiyyətə yaxın qaynaqlardan əldə etdiyimiz məlumata görə, belə bir ehtimal var ki, M.Quliyev özü bir-iki aydan sonra nazir vəzifəsinə təyinat ala bilər. Daha bir ehtimal ədliyyə nazirinə yaxın olan Prezident Administrasiyasında hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun namizədliyinin müzakirə edilə bilməsidir. “ASAN xidmət”in əsas ideya müəllifi kimi tanınan F.Ələsgərovun hazırda prezidentin yanında etimadı yüksəkdir.
Müqavimət başladı, yoxsa…
MTN-in Antiterror Mərkəzinin qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunaraq həbs edilən sabiq rəis müavini, polkovnik İlqar Əliyev apelyasiya şikayəti verib. Virtualaz.org xəbər verir ki, İlqar Əliyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil və barəsindəki məhkəmə qərarından şikayət etməyə hazırlaşır.
Xatırladaq ki, MTN-in 7 əməkdaşına qarşı CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onlar barədə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ehtimal etmək olar ki, həbs edilənlər əsas fiqurun – Eldar Mahmudovun məsuliyyətdən kənarda saxlanılması ilə razılaşmırlar və bu səbəbdən də müqavimət göstərməyə başlayıblar. ( musavat.com )
İnterpress.az