Penitensiar xidmət MTN işi ilə bağlı məlumatlar yayılmasının əleyhinədirbackend

Penitensiar xidmət MTN işi ilə bağlı məlumatlar yayılmasının əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə açıqlama ANS PRESS-ə Penitensiar Xidmətdən verilib. Xidmətdən bu barədə hər hansı məlumatın da verilə bilməyəcəyi qeyd edilib.

Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, iş üzrə artıq 15 nəfər barəsində həbs, bir neçə nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilib.

Barəsində həbs-qətimkan tədbiri seçilənlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Həbs olunanlar arasında MTN-in əməkdaşları ilə yanaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var.

Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub

Qeyd edək ki, bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qərarı verilib. Onun MTN-in sabiq naziri Eldar Mahmudovun yaxın qohumu olduğu bildirilir.

Baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları da həyata keçirilir. Nazirlikdə bir neçə yüksək rütbəli şəxs vəzifəsindən azad olunub, sərəncama göndərilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə cinayət işi başlanılıb.

İnterpress.az