Partiyanın bu qərarının müzakirəsində namizədlərin əksəriyyəti bu mübarizəni sona kimi aparacaqlarında israrlı olduğunu deyib. Onların arasında Divan üzvü İkram İsrafil (115 saylı Şəki Kənd ikinci seçki dairəsi), Razim Əmiraslanlı (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi) və İltizam Əkbər (79 saylı İmişli seçki dairəsi) mübarizədən çəkilməyəcəklərini açıq şəkildə bəyan ediblər.
Partiyanın Divan üzvü və təşkilat komitəsinin rəhbəri Razim Əmiraslanlı AzNews.az-a açıqlamasında partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Zamanında verilmiş qərardır. Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərafdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram”.
R.Əmiraslanlı qeyd edib ki, namizədliyinin ürəli sürülməsində bəzi nüanslar var: “Mən namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli-ictimai xadimləri, müharibə veteranları, Qarabağ Qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, ərizə ilə dairə seçki komissiyasına müraciət etsəm o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qararı mənim atacağım addımlara stimul verəcək”.
Partiyanın digər üzvü İkram İsrafil hazırda seçicilərlə görüşdə olduğundan məsələ ilə bağlı açıqlama verə bilmədiyini deyib.
İltizam Əkbər isə telefonlarımıza cavab vermədi.
Xatırladaq ki, Müsavat partiyası parlament seçkilərində 80-ə yaxın namizəd irəli sürmüşdü. Həmin namizədlərdən yalnız 12-si qeydə alınıb. Dünən isə partiya seçkilərdə iştirakını dayandırdığı bəyan edib. ( aznews.az )
İnterpress.az