Bildirilir ki, Pərvanə Yusifova iki qızı ilə ölkəni qanunsuz şəkildə tərk edib. Suriyaya gedib İŞİD üzvlərinə qoşulan Pərvanə ərinə oradan videolar göndərir, özləri ilə bağlı məlumatlar yazır. O, qızlarının əlində avtomat, bomba olan şəkilləri də İlqara göndərir. Qızlarını geri qaytarmaq istəyən İlqar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tutmuş, MTN-ə kimi hər yerə müraciət edib. Lakin nəticə əldə edə bilməyib.
AzNews.az-ın əməkdaşı hazırda MTN ətrafında cərəyan edən hadisələrin və İŞİD-in Azərbaycandakı əlaqələrinin nə dərəcədə genişlənməsinin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı hüquqşünasla söhbətləşib. Müzəffər Baxışov atalarının icazə kağızı vermədiyi təqdirdə iki azyaşlı qız övladının sərhəddən necə keçirilə biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Hüquqşünas bildirib ki, ana və iki qızın qanunsuz olaraq sərhəddən keçirilməsində əli olan və yaxud bu məsələyə göz yuman şəxslər cinayətə cəlb olunmalıdır: “Onların qanunla Suriyaya getməsi mümkün deyil. Çünki qanun buna imkan vermir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11-ci maddəsinin tələblərinə görə, yetkinllik yaşına çatmamış uşaqlar qanunda nəzərdə tutulan hallardan başqa hər iki valideynin razılığı ilə Azərbaycanı tərk edə bilərlər. Məhkəmə qətnaməsi, ata və ya ananın ölüm kağızının olması istisna haldır.
Əgər uşaqlar bir valideynlə gedirsə, digər valideynin notariat qaydada təsdiq olunmuş razılığı olmalıdır. Bunlar həyata keçirilmirsə, bu maddənin kobud pozuntusudur. Ola bilsin ki, ana və iki qızı gizli yolla sərhəddi keçiblər. Əgər onlar həqiqətən də sərhəd qoşunlarının mühafizə etdiyi gömrük nəzarəti olan yerdən keçiblərsə, onlara kimlərsə himayədarlıq edib. Ana və qızlarının ölkəni hansı yollarla keçmələri, Azərbaycan sərhəddini keçməkdə kimlərin onlara köməklik etməsi araşdırılmalıdır.
Bu işdə onlara vəzifəli şəxslər köməklik edibsə, həmin şəxslər vəzifədən sui-istifadə etməyə görə və Azərbyacan sərhədlərinin qanunsuz keçməyə köməklik etməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Çünki ana və iki qızı sərhəd buraxılış məntəqəsindən keçdiyi halda digər valideyn buna razılıq verməyibsə bu, sırf qanunsuz hərəkətdir.
Keçdikləri gün sərhəd buraxılış məntəqəsində növbədə kimlər olubsa, onlar vəzifədən sui-istifadə etməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu məsələ araşdırılmalı və hüquqi qiymət verilməlidir. Çünki Sərhəd Buraxılış Məntəqəsinin əməkdaşları bilavasitə insanların Azərbaycan ərazisini tərk etmə məsələlərinə nəzarət edir”.
Müşəffər Baxışov bildirib ki, hazırda hər bir şəxs pul verərək sərhəddən qanunsuz şəkildə keçə bilir: “Sərhəd xidmətinin əməkdaşlarına pul verərək, sərhəddən qanunsuz şəkildə keçmə hallarına da rast gəlinir. Ona görə də kimlərsə pul verərək, məntəqədən keçib qanunsuz şəkildə Suriyaya gedə bilər. Bu, təbii ki, Pərvanə Yusifova və qızlarının ölkədən qanunsuz şəkildə çıxarılmasına da şamil edilə bilər”.
Bu məsələdə MTN-nin də rolunun olması məsələsinə gəlincə, hüquqşünas bildirib ki, ana və qızları nazirliyin əməkdaşlarının xahişi ilə də sərhəddən buraxılmış ola bilər: “Ola bilər ki, onlar MTN əməkdaşlarının xahişi ilə sərhəddi keçib. Bu məsələni istintaq araşdırmalıdır”.
İnterpress.az