Girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev AzVision.az-a açıqlama verərək qardaşının vəziyyətindən narahat olduğunu deyib.
O bildirib ki, uzun müddətdir Dilqəmdən məktub ala bilmirlər: “Biz də Dilqəmin vəziyyətlərinin ağır olduğunu mətbuatdan oxumuşuq. Xeyli vaxtdır ki, ondan məktub almırıq. Beynəlxalq Qızl Xaç Komitəsinin vasitəçiliyi ilə də görüşlər keçirilmir. Amma ötən gün mən qardaşıma məktub yazmışam. Dilqəmin vəziyyətindən çox narahatıq”.
S.Musayev həmçinin qeyd edib ki, Dilqəmin ailəsi dövlətin onlara verdiyi mənzildən imtina edib: “Onlar dövlətin təklif etdiyi mənzildən imtina etdilər. Dilqəmin oğlu Kürdoğlu dedi ki, mənə atam lazımdır, ev yox! Ona görə də Kürdoğlu pul qazanamaq üçün Rusiyaya gedib. Bizə Dilqəm lazımdır, onsuz evin nə mənası var”.
Erməni girovluğunda olan Şahbaz Quliyevin ailəsi ilə də əlaqə saxladıq. Girovun əmisi oğlu Natiq Quliyev Şahbazdan məktub almadıqlarını deyib.
“Biz xeyli müddətdir ki, Şahbaz Quliyevdən məktub almamışıq. Onun səhhəti barədə də heç bir məlumatımız yoxdur. Şahbaz erməni girovluğundadır. Axırıncı dəfə onun əməliyyat olunduğunu eşitmişdik. İndi bəlkə də onun yarası çirk edib. Orada Şahbazın yarasına kim baxacaq? Biz çox narahatıq”.
N.Quliyev həmçinin qeyd edib ki, dövlət Şahbaz Quliyevin ailəsini yeni mənzillə təmin edib: “Şahbazgilin evləri Tərtərdə yerləşir. Hər gün ermənilər oranı atəşə tutur. Evin damı, divarları dağılıb. Dövlətimiz sağ olsun ki, Şahbazın ailəsinə ev verdi. Ev Müşfiqabad qəsəbəsində yerləşir. Bir neçə gün olar ki, Şahbazın ailəsi ora köçüb. Dövlət onun həyat yoldaşını da işlə təmin edib. Amma bizə Şahbaz lazımdır. Biz Şahbazı istəyirik”.
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az