Bu haqda “Yeni Müsavat”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Xidmət rəhbəri qeyd edib ki, sahibkarın müraciətində göstərdiyi xüsusatlar araşdırlacaq: “Şirvan şəhər sakini İqbal Mikayılovun müraciəti baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb. Müraciətdə qeyd edilən xüsusatların araşdırlması barədə konkret tapşırıqlar verilib”.
Xidmət rəhbəri araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.
Qeyd edək ki, fermer İ.Mikayılov baş prokurora müraciətində yazmışdı ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafına bilavasitə diqqət göstərməsindən, sahibkarlara arxa-dayaq olmasından ruhlanaraq Şirvan şəhərində “İlham” MMC kəndli fermer təsərrüfatı yaradıb: “Sahibkarlığa Kömək Milli Fondundan ötən il aldığım güzəştli kredit təsərrüfatımın genişlənməsinə çatmadı. İşlər yarımçıq qaldı. ”Parabank\”ın sədri Vəli Quliyev məni bu ilin aprel ayında aldadaraq 5 ay hissiyyatımla, əsəblərimlə oynadı. Atası Eldar Quliyevin milyonlarına və “krışa”larına güvənən cavan uşaq olan bankir “İlham” MMC adlı kəndli fermer təsərrüfatına düşmən kəsilib. Dövlətimin ayırdığı vəsaitdən imkan vermir ki, istifadə edim və cənab prezidentimiz İlham Əliyevin söylədiyi kimi, aqrar sahəyə gənc sahibkar kimi töhfə verim.
Vəli Quliyevə bu ölkədə “gözün üstə qaşın var” deyən tapılmır. Düzdür, Vəli Quliyevin güvəndiyi dağlara artıq qar yağıb. Amma hələ ki bu adamdan soruşan əlaqədar cavabdeh qurum yoxdur ki, dövlət içində dövlət yaratmaqda məqsədin nədir? Nə üçün sən Vəli Quliyev ölkə sahibkarlığına qənim kəsilmisən? Bu dövlətin başçısı İlham Əliyev sahibkarlara əngəl olanlara kimliyindən aslı olmayaraq ən ağır cəzanı verdiyi halda Vəli Quliyev qorxmadan, çəkinmədən və aşkarcasına öz bildiyini edir. “Parabank” sədri məni intihar həddinə çatdırıb. Qərara gəlmişəm gedim “Parabank”ın baş ofisinin qarşısında intihar edim. Ona görə şəxsən Zakir Qaralova müraciət edib xahiş edirəm: cənab prezidentimiz İlham Əliyev sizə inandığı kimi, mən də vətəndaş, sahibkar -fermer kimi sizə inanıb güvənirəm. Rica edirəm məni şəxsən özünüz qəbul edib dinləyin\”.
İnterpress.az