İlham Əliyev islahatlarda israrlıdırbackend

İlham Əliyev islahatlarda israrlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıda dünyada başverən neqativ hallar sadalanır və bildirilir ki, belə çətin şəraitdə, təbii ki, hər bir dövlət iqtisadi, siyasi və hərbi müstəvilərdə gedən oyunlarda məğlub olmamaq, böhranların və müharibələrin girdabına yuvarlanmamaq üçün həddən artıq çevik olmalı, radikal islahatlardan çəkinməməli, hərbi və iqtisadi potensialını inkişaf etdirməlidir. “İkinci yol yoxdur, ona görə ki, o, uçurumlarda qırılır” yazan qəzet bu il oktyabr ayının 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısının çıxışındakı tənqidi sözlərin məhz daxili iqtisadi sabitliyin davamlı olmasına, ölkənin beynəlxalq nüfuzunun qorunmasına xidmət etdiyini qeyd edir.

Həmin yazıdan bəzi hissələri təqdim edirik:

“Sözügedən iclasda dövlət başçısı müşavirədəki yekun nitqində vacib məqamlara təkrar toxundu və qətiyyətlə bildirdi ki, biznes mühitini yaxşılaşdırmaq və onun inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq. Prezident yoxlamalarla bağlı çoxsaylı şikayətlərin gəldiyini, onların sayının və yoxlayan təşkilatların çoxluğunun dözülməz olduğunu və bunların arxasında dövlət maraqlarının yox, maddi təmənnanın dayanmasını qınadı: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır””.

“Dövlət başçısının atdığı bu addımların ardınca müvafiq qurumlar da sahibkarlığın inkişafı üçün adekvat tədbirlərin həyata keçirilməsinə başladılar.

Başqa çıxış yolu da yoxdur. Yaxşı bilirlər ki, Azərbaycan Prezidenti qarşısına qoyduğu məqsədləri reallaşdırmaq əzmindən dönməyəcək, mane olanları isə cəzalandıracaq. Bir sözlə, aydın görünən odur ki, ölkənin inkişaf etməsi üçün bütün zəruri addımlar atılır, ciddi tədbirlər həyata keçirilir və ən başlıcası, bu iqtisadi kursa şəxsi marağı naminə əngəl törədənlərə qarşı sərt ölçülər götürülür. Müşavirədə səsləndirilən ciddi tənqidlər də ona dəlalət edir ki, müasir dünyanın iqtisadi müstəvisində ayrı inkişaf yolu yoxdur, maneələr yubadılmadan və sərt şəkildə aradan qaldırılmalıdır.

Nazirlər Kabinetinin sonuncu müşavirəsində dövlət başçısı sahibkarlara da inhisarçılıqla bağlı ciddi iradlarını açıqladı. Bir müəssisənin istehsal etdiyi məhsulu başqalarının istehsal etməsinə mane olmaq sağlam bazar münasibətlərinin formalaşmasına mane olan amildir. Sağlam rəqabəti kölgədə qoyan inhisarçılıq mahiyyət etibarı ilə bazar münasibətlərinin əleyhinə işləyir, bazara keyfiyyətsiz mal çıxarılmasına və qiymət artımına səbəb olur. “Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin… Dövlət də bunu təşviq etsin” – deyən Prezident bununla sahibkarlara onlar üçün yaradılan əlverişli mühitdən sui-istifadə etməmələri mesajını verdi. Çünki hazırda ölkədə özəl sektorun daha da inkişaf etdirilməsi ilə bağlı aparılan iqtisadi islahatlar tələb edir ki, sahibkarlar da fəaliyyətlərində biznesin qanunlarına bütün ciddiliyi ilə əməl etsinlər. Əgər dövlət özəl sektorun güclənməsi üçün bütün vacib addımları atırsa, sahibkarlar da öz işlərində dönüş yaratmağa borcludurlar. Onların istehsal etdiyi məhsulların və göstərdikləri xidmətlərin səviyyəsi bazarın tələblərinə cavab verməlidir və istehlakçıları razı salmalıdır. Yalnız bu halda islahatların yeni mərhələsinin səmərəsi ola bilər”.

İnterpress.az