İnterpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
\”Ali Baş Komandanın Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiymətdən məlumatlısınız. Əmin olun ki, bu uğurun əksər hissəsi məhz sizin payınıza düşür. Qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür. Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik\”, – deyə nazir bildirib.
O qeyd edib ki, ilin sonunadək bu hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək: \”Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaq. Çalışacağıq ki, qısa müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, möhtərəm cənab Prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Bundan əlavə, yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq\”.
Mənzillərin açarları şəxsi heyətə təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.
İnterpress.az