Dəyişikliyə görə, Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək. Bundan sonra mağazaya araq-pivə almağa gedənlər özləri ilə plastik kart aparmalı olacaqlar. Qanunda edilən dəyişiklərə əməl etməyənlər cərimə ödəyib, hətta cinayət məsuliyyətinə cəlb olunacaqlar.
AzNews.az-a açıqlama verən Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Fazil Mustafa spirtli içkilərin və siqaretlərin nağd pulla satışına edilən qadağaya münasibət bildiriblər. Məlahət İbrahimqızı deyibki, bu, təmiz cəmiyyətin, xüsusilə də sağlam gəncliyin forlaşması üçün müsbət bir dəyişiklikdir: “Rusiyada və Türkiyədə qanunvercilikdə spirtli içkilərin satışı ilə bağlı çox ciddi və sərt dəyişikliklər əlavə olunub. Həqiqətən də bəzən 14-15 yaşlı uşaqlara pul verilir ki, gedib siqaret və ya spirtli içki alsınlar. Bu cür faktlar mövcuddur. Bu səbəbdən gəncliyimizi mənəvi cəhətdən və fiziki baxımdan sağlam böyütmək istəyiriksə, qanunvericilikdə boş qalan yerləri doldurmalıyıq. Qanunverciliyimizi möhkəmləndirməliyik. Belə bir dəyişikliyin edilməsi pis bir şeyə gətirib çıxarmaycaq. Əksinə bu çox gözəl dəyişiklikdir. Mən bunu dəstəkləyirəm. Hesab edirəm ki, bu yalnız müsbətə doğru proqressiv bir addımdır. Əgər məsələ ilə bağlı cərimələr tətbiq olunursa, onu verməmək mümkün deyil. Cərimə caza üçün verilir. Cərimə də verilməyən də həmin şəxs öz cəzasını bir az da ağırlaşdıracaq. O başqa qanunlarla mühakimə olunacaq”.
Fazil Mustafa belə bir dəyişikliyin edilməsinin insanların sağlamlığının qorunmasına əsaslanan bir addım olduğunu deyib: “Bu normal bir şeydir. Ümumiyyətlə, bütün spirtli içkilərin satışının məhdudlaşdırılması cəmiyyətdə müəyyən dərəcədə narkomaniyanın qarşısını alan əsas amillərdən biridir. Həmçinin bu dəyişiklik insan sağlamlığı üçün də atılan zəruri addımlardır. Hesab edirəm ki, cərimə olmayanda insanlar deyilənlərə əməl etmirlər. Müəyyən bir qadağalar və sanksiyalar olmasa insanlar elə bilirlər ki, əslində hər şey pul qazanmaqla yekunlaşır. Amma hər şeydən öncə insanın sağlamlığıdır. Buna diqqət etmək lazımdır”.
İnterpress.az