Çıxış edən başqan budəfəki Parlament seçkisinin son 15 ildə ən uğursuz seçki adlandırıb: \”Seçki komissiyaları tamamən hakimiyyətin əlinin altındadır və ölkədə demokratik siyasi mühit mövcud deyil. Müsavat partiyasının seçkilərə 73 namizədliyi irəli sürülsə də, yalnız 25-nin namizədliyi qeydə alınıb. Təbliğat-təşviqat proqramları zamanı da xeyli sayda qanun pozuntusu halı yaşanıb. Pulsuz efir vaxtı digər illərdən fərqli olaraq ümumiyyətlə verilmədi. Pullu efir vaxtı isə əvvəlki illərə nisbətən 10 dəfə baha idiş Müxalifətin də o məbləğləri ödəməyə maddi imkanı yol vermədiyi üçün efirə çıxmaq mümkünsüz idi. Bundan başqa, Müsavat partiyasının nümayəndələri 100-dən çox seçki məntəqəsində olub və müşahidəçilərimiz seçkilərdə aktivliyin çox aşağı olduğunu bildirib. Ancaq hökumət bu faizi 55 olaraq qiymətləndirib. Bunun özü bir saxtakarlıqdır. Seçki günü məntəqələrin bir çoxunda karusel əməliyyatı müşahidə olunub və topa bülletenlərin atıldığına dair video faktlar da mətbuatda işıqlanıb. Bütün bu səbəblər nəzərə alınaraq Müsavat partiyası seçkinin nəticələrini tanımır və hökumətdən dərhal nəticələrinin ləğv olunmasını tələb edir\”.
Arif Hacılı partiyanın son anda seçkidə iştirakdan imtina etməsinin partiyanın siyasi taktikası olduğunu bildirib: \”Hər bir partiyanın öz siyasi taktikası var, bu da bizim taktikamız idi. Bu seçimimiz həm yerli, həm də xarici KİV vasitəsi ilə geniş şəkildə işıqlandırılıb. Seçkidə bizim namizədlərimizin adı bülletenlərdən çıxarılmadı və bəhanə olaraq da bülletenlərin artıq çap olunduğu bildirilib. Ancaq bu kimi hallar seçki təcrübəsində dəfələrlə baş verib və seçkidə iştirakdan imtina edən namizədlərin adları bülletenlərdə ən azı qələmlə cızılaraq seçicilərə təqdim olunurdu. Bizim mübarizəmiz mandat almaq üçün deyildi. Hesab edirəm ki, son anda iştirakdan imtina etməklə niyyətimizi xalqa çatdıra bildik və ekspertlər də bu addımımızı uğurlu qiymətləndirib\”.
Arif Hacılı son olaraq seçkilərə namizədliklərini irəli sürən NİDA və REAL Vətəndaş Hərəkatlarından da danışıb və qısa zamanda birlikdə bəyanat verəcəklərini bildirib.
İnterpress.az