Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra onun yaxın çevrəsində də “ələmə” aparılır. Sabiq nazirlə yaxınlığı olan, onun əmrində çalışmış az qala hər kəs indi istintaq altındadır. İndiyədək MTN-nin 10-a yaxın general və zabiti – idarə rəisləri, onların müavinləri, digər vəzifəli şəxslər həbs edilib, bəziləri işdən çıxarılıb.
Noyabrın 1-də MTN-in daha bir yüksək vəzifəli zabitinin həbsi xəbəri yayılıb. Nazirliyin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbər haqda məhkəmənin hökmü ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bundan öncə 7 MTN zabitinin həbsi haqda rəsmi məlumat yaymışdı. Vüsal Ələkbərun hansı maddələrlə, nəyə görə həbs edildiyi barədə hələlik rəsmi bilgi yoxdur.
“Yeni Müsavat”a daxil olan digər xəbərdə isə bildirilir ki, Eldar Mahmudova yaxın şəxslərdən biri Avropaya qaçıb. Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevin Azərbaycanı tərk etdiyi deyilir. Bildirilir ki, o, oktyabrın 18-də – Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir.
A.Mustafayevi tanıyan və onunla birlikdə təyyarədə uçan sərnişinlərdən birinin redaksiyamıza verdiyi məlumata görə, “Akula Akif” Paris hava limanına çatana kimi hava gəmisinin biznes-klass bölümündəki yerində spirtli içki qəbul edib. Sərnişinin dediyinə görə, A.Mustafayev həddən artıq dilxor görünürmüş.
Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş.
Noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Hadisənin şahidi olan qonşuların verdiyi məlumata görə, onun evindən xeyli daş-qaş, qızıl zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.
Bizə verilən məlumatda o da deyilir ki, “Akula Akif” əsasən MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev və nazirliyin yüksək rütbəli zabiti Elşad Mahmudovla “işləyirmiş”. O, həbs olunacağından qorxduğu üçün nazir vəzifədən çıxarıldıqdan dərhal sonra Azərbaycandan qaçıb.
Son günlər “MTN işi”nə görə kütləvi həbslər olduğu haqda redaksiyamıza məlumatlar daxil olur. Hələlik onları tam dəqiqləşdirə bilməmişik. Həmçinin hüquq-mühafizə orqanları yeni tutqular barədə ictimaiyyətə bilgi vermir. Lakin bəzi mənbələrdən “Yeni Müsavat”a daxil olan özəl xəbərlərdə deyilir ki, bu işə görə xeyli həbs olunanlar var. Tutulanlardan bəzilərinin adları bizə məlumdur, sadəcə bəzi dəqiqləşdirmə apardıqdan sonra onların ad-soyadlarını açıqlayacağıq.
Bəzi ekspertlərə görə, həbslərlə bağlı yaxın günlərdə rəsmi məlumat yayılacaq. Çünki bu qədər adamın tutulmasını uzun müddət gizlətmək mümkün deyil. Sadəcə ola bilər ki, seçki dövrünə düşdüyü üçün bu həbslər ictimailəşdirilmir.
O da bildirilir ki, həbslər təkcə MTN-in işçiləri ilə yekunlaşmır – iş adamlarından, başqa nazirlik və komitələrin məsul əməkdaşlarından da tutulan, işdən çıxarılan və istintaqa cəlb olunanlar var. ( musavat.com )
İnterpress.az