Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt-beton örtüyü döşənib.
Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.
Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verildi. Görülən işlər 2011-ci ildən həyata keçirilən layihənin – Zaqatala şəhərinin qədim hissəsinin – tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamıdır. Bu ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb. Binaların fasadları təbii çay daşı və kərpiclə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir.
Burada dövlət başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verilib. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.
Sonra dövlət başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Prezidenti İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.
Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları yaradılıb.
Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.
Bina havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş yaşıllıq zolağı salınıb.
Bundan başqa Prezident İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Əvvəlcə dövlət başçısı Mərkəzin binasının ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidentinə məlumat verildi ki, inşasına 2013-cü ildə başlanılan binanın ümumi sahəsi 2765 kvadratmetrdir. Mərkəzin girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Birinci mərtəbədə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət zəngin ekspozisiya yaradılıb. Burada dünya şöhrətli siyasi və dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar, digər sənədlər nümayiş etdirilir. Ekspozisiyada ulu öndərin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Zaqatala rayonuna etdikləri səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişafına xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu Mərkəzin böyük əhəmiyyəti var. Burada, həmçinin 350 yerlik konfrans zalı, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı, kinozal, kulinariya və rəsm otaqları, heykəltəraşlıq studiyası, poliqrafiya emalatxanası fəaliyyət göstərəcək.
Mərkəzin ikinci mərtəbəsi elektron kitabxana, arxiv, virtual sinif və kompyuter otaqları, dizayn və xalq sənətkarlığı studiyaları, xarici dil dərnəyi və 44 nəfərlik dairəvi konfrans zalından ibarətdir. Bu Mərkəzin istifadəyə verilməsi rayon gənclərinin ilkin peşə vərdişlərinə yiyələnmələrində və asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayacaq.
Binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Mərkəzin binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ziyalı Tahir Məmmədov Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
İnterpress.az