Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbir Milan EXPO Sərgi Kompeksinin İtalya Pavilyonunda təşkil olunub.
Konfrans çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın səhiyyə naziri Beatriz Lorenz ilə görüş keçirib.
Görüşdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin indiki vəziyyəti, 2010-cu ilin noyabrında imzalanmış sazişin müddəalarının yerinə yetirilməsi və digər məsələlər müzakirə edilib. Görüşün sonunda Azərbaycan və İtaliya səhiyyə nazirlikləri arasında 2016-2018 illər üçün səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair fəaliyyət planı imzalanıb.
Fəaliyyət planında infeksion və qeyri-infeksion xəstəliklər, xüsusilə diabet, talassemiya və digər prioritet sahələr üzrə əməkdaşlıq, ümumi, torakal, pediatrik cərrahiyyə, neonatalogiya, intensiv terapiya, anesteziologiya və digər sahələr üzrə təlimlərin keçirilməsi, potensialın artırılması və qabaqcıl təcrübənin tətbiq olunması, nümunəvi tibb mərkəzləri, tədqiqat proqramları və inkişaf layihələri şəbəkələrində birgə iştirak, səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığın qarşılıqlı surətdə razılaşdırılmış digər formaları, səhiyyə statistikası və epidemioloji məlumat mübadiləsinin aparılması əks edilib.
Görüşdə hər iki ölkənin səhiyyə sistemlərinə, onların işləmə mexanizminə dair qarşılıqlı biliklərin qazanılması, habelə səhiyyə işçilərinin və tədqiqat aparan işçilərin təkmilləşdirilməsi məqsədilə ekspertlərdən ibarət nümayəndə heyətlərinin prioritet sahələr üzrə təlim səfərlərini təşkili, xəstəxanalar, xüsusi tibb müəssisələri arasında əməkdaşlığı və bu cür qurumlar arasında birbaşa müqavilələrə əsaslanan tibbi tədqiqat və təlimlərin təşviqi müzakirə olunub.
Fəaliyyət planının yerinə yetirilməsi üzrə müştərək işçi qrupun yaradılması və yaxın zamanda İtaliyalı ekspertlərin Azərbaycana səfəri razılaşdırılıb. Danışıqlar zamanı əczaçılıq sahəsində əməkdaşlığın müstəsna əhəmiyyəti qeyd edilib.
İnterpress.az