Bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.
Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin intihara cəhd edən şəxs əraziyə rayon icra hakimiyyəti rəhbərliyinin gəlməsini tələb edib.
Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, təzyiqlərdən bezdiyini bildirib, O, obyekti tikmək üçün rüşvət verdiyi 500 000 min manatın qaytarılmasını tələb edib.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.
İcra hakimiyyətinin başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm” – deyib.
X.İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs obyektin damından enib.
Daha sonra intihara cəhd edən sahibkar Xaləddin İsgəndərov və Namiq İsmayılovla danışıq aparmaq üçün yaxınlıqdakı kafeyə gedib. ( apa )
İnterpress.az