Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Akademiyanın digər üzvləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olduğunu qeyd edərək Ali Məktəbin heyəti adından AMEA-nın bütün rəhbər heyətini, üzvlərini, ölkənin elm adamlarını bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edib. E.Qasımov AMEA-nın 70 ildə keçdiyi şərəfli tarixi yolundan danışaraq, ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin inkişafında Akademiyanın müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanda müstəqillik əldə edilən dövrdən dövlət tərəfindən bütün sahələrə, o cümlədən elmə böyük diqqət və qayğı göstərildiyini deyən rektor, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı strategiyasının aparıldığını və hal-hazırda bu strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamından söz açıb. E.Qasımov, həmçinin Akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs edib. Sonda rektor AMEA-nın heyətinin bütün üzvlərinə elmi fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzulayıb.
AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli öz çıxışında BANM-in rəhbərliyinə Akademiyaya göstərilən xüsusi diqqətə və bu əlamətdar tədbirin keçirilməsinə görə öz təşəkkürünü bildirb.
Tədbirdə çıxış edən AMEA-nın digər üzvləri Akademiyadakı çoxsahəli fəaliyyətlərindən, əldə etdikləri elmi nailiyyətləri ilə tədbir iştirakçıları ilə bölüşüb və keçirilən tədbirə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildiriblər.
Tədbirin sonunda AMEA-nın 70 il ərzində keçdiyi tarixi yolu, fəaliyyətini əks etdirən film nümayiş olunub.
İnterpress.az