Mingəçevirdə sahibkarlara 5 mln. manat güzəştli kredit verilibbackend

Mingəçevirdə sahibkarlara 5 mln. manat güzəştli kredit verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Mingəçevir şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair təşkil olunan növbəti işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Mingəçevirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. Yüzdən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Mingəçevirdə fəaliyyət göstərən 164 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 8,5 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 1160-dan çox yeni iş yerinin açılması mümkün olub. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 462 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 36800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Mingəçevir və ətraf rayonlardan olan 60 sahibkara 4,7 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, arıçılıq, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Forum çərçivəsində Mingəçevirdə güzəştli kredit ayrılan çörək və tikinti materiallarının istehsalı müəssisələrinə baxış keçirilib.
Ümumilikdə, son illər ərzində 21 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına, müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 mln. manat güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 19-u artıq istifadəyə verilib.

İnterpress.az