Eldar Mahmudov hər an həbs oluna bilərbackend

Eldar Mahmudov hər an həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Yeni Müsavat”a hüquq-mühafizə orqanlarındakı mənbədən xəbər daxil olub. Qaynağımız iddia edir ki, sabiq nazirin MTN-dəki və digər strukturlardakı ən yaxın adamlarının həbsindən sonra E.Mahmudovla bağlı təkzibolunmaz sübutlar toplanıb. Bu, həm nazirlikdə sahibkarların incidilməsi, həm də gizli dinləmələrlə bağlıdır.

Birinci məsələ ilə bağlı Respublika Prokurorluğunun xüsusi qrupu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparır. Gizli dinləmələrlə bağlı isə Xüsusi Dövlət Mühafizə İdarəsi görəvləndirilib ki, bu istintaq demək olar ki, tam məxfi aparılır. İddiaya görə, E.Mahmudova məhz sahibkarlardan qanunsuz xərac toplaması ittihamı veriləcək. Prezidentin şimal-qərb bölgəsinə səfəri zamanı etdiyi çıxış da E.Mahmudovun cəzasız qalmayacağını və ona qarşı da rəsmi ittiham hazırlandığını bir daha sübut etmiş oldu. Adətən hakim komanda ilə bağlı bu kimi qərarlarını geniş ictimai şərhə çıxarmayan dövlət başçısı İlham Əliyev MTN-də baş verən qanunsuzluqlarla bağlı çox sərt danışıb: “Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb”.

Prezident idarəçiliyi dövründə ilk dəfə məmurlar haqda “reketlik” ifadəsini işlədib.

“Sahibkarlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər” – deyə, dövlət başçısı bildirib. Bunlar hamısı Azərbaycanın Cinayət Məcəlləsində əks olunmuş konkret maddələr və ittihamlardır.

Dövlət başçısı “reket” dedikdə nəzərdə tutduğu adamın adını dilinə gətirmək istəməsə də, ünvan aydındır. Bu ünvanın prezidentin bir vaxtlar hədsiz güvəndiyi və dövlətin ən mühüm üç strukturundan birini həvalə etdiyi Eldar Mahmudov olduğu aydındır. Dövlət başçısının bu məsələ ilə bağlı dediyi son bir cümlə də diqqət çəkir. “Ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir” deyə, prezident bildirib. Bu o deməkdir ki, MTN-də baş verənlərlə bağlı kimsəyə güzəşt edilməyəcək, iş məhkəmədə araşdırılacaq və günahkarlar cəzalandırılacaq.

İnterpress.az