İnterpress.az həmin müsahibəni təqdim edir:
– Sabir bəy, Azərbaycanda keçirilən parlament seçkilərinin nəticəsini necə qiymətləndirirsiz?
– Mən namizədliyimi vermək niyyətindəydim, amma görəndə ki, hakim partiya orada öz namizədini dəstəkləyir, fikrimdən daşındım. Yardımlıda camaat məni sevir. Qalacaqdılar çətin vəziyyətdə ki, kimə səs versinlər. İndi də mənə zəng gəlir ki, niyə seçkidə iştirak etmədiz, biz sizi gözləyirdik və s. Seçkilər vaxtı mən ölkədən kənarda idim. Nəşrə hazırlanan yeni kitabımla bağlı dəvət etmişdilər. Ona görə də seçkilərə qiymət verməkdə çətinlik çəkirəm. Əsas məsələ kimin qalib gəlib-gəlməməsi deyil. Vacib olan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, seçkilərin demokratik əsaslarla, ədalətli keçirilməsidir. Azərbaycana təzyiqlərin arası kəsilmir, problemlərimiz kifayət qədər çoxdur, müharibə bitməyib, bir çox qurumlar oturuşmayıb. Müstəqil dövlət olmağın öz çətinlikləri var. Bu zaman millətin mənfi və müsbət tərəfləri üzə çıxır. Prosesləri izləyəndə üzülürəm. Vəzifəyə qoyulan adam beş gün sonra quldura çevrilir, millətin maraqları qalır bir kənarda. İqtisadiyyatla bağlı bütün dünyada durum ağırlaşır. Buna görə də ölkədə ciddi islahatlar aparılmalıdır.Yeni parlament bu işə yardım etməlidir. Normal işləsinlər, ölkəmizə fayda versinlər.
– Parlamentin yeni tərkibini necə qiymətləndirirsiz?
– Yeni simalarla bir yerdə işləmədiyim üçün, onlar haqqında heç nə deyə bilmərəm. Ancaq tək-tək tanıdıqlarım da var… Əvvəlki deputatlar arasında peşəkarlar çoxdur, kifayət qədər tanınırlar. Hamısını təbrik edir, uğurlar arzulayıram.
– Bəzi müxalifət partiyalarının sədrləri bu dəfə seçilə bilmədilər. Amma onlar məğlubiyyətləri ilə barışmaq istəmirlər. Siyasətçinin urvatlı, üzüsulu şəkildə vaxtında geri çəkilməsi bu qədərmi çətindir?
– Mən parlamentdə öz sözümü həmişə açıq demişəm Heç kəsin qarşısında boyun əyməmişəm, millətin ziyanına olan heç nəyə imza atmamışam. Bəzən Milli Məclisin rəhbərliyi ilə üz-göz olmuşam, ancaq öz ruhumu və simamı qorumuşam. Bu yolumu yaradıcılığımda davam etdirəcəm. Mən dörd divarın yox, bütün millətin vəkiliyəm. 25 ildə parlamentdə etdiyim çıxışlar iki min səhifədən artıqdır. Onları kitab halında nəşr etdirəcəm. “Mən var idim hər şey yaxşı idi, mən yoxam hər şey pisdir” prinsipi ilə yaşayan adam deyiləm. Bu yanaşmanı qüsurlu sayıram.
– Son vaxtlar Azərbaycanda dini radikalizm yenidən güclənib. Xüsusilə iranyönümlü radikal təriqət nümayəndələri hakimiyyət əleyhinə sərt çıxışlar edirlər ki, bu da bəzi müxalifət partiyaları tərəfindən dəstəklənir.
– Bir qrup dindarın hakimiyyətin ünvanına sərt fikirlər səsləndirməsini demokratiya saymaq olmaz. Onların çoxu sifariş yerinə yetirirlər, xarici qüvvələrin sifarişini. Mən partiya sədri olaraq onların gördükləri işləri heç vaxt dəstəkləmərəm. Əgər dindar demokratik mübarizə aparmaq istəyirsə, gəlib qoşulsun partiyamıza və qanunauyğun şəkildə fəaliyyət göstərsin. İrandan, Səudiyyə Ərəbistanından pul alıb aktivləşəcəklər və fəaliyyətlərinə demokratik don geyindirəcəklər, bu, təhlükəlidir. İkincisi, bu gün din faktoru bütün dünya üçün böyük problemə çevrilib. Məhəmməd peyğəmbər dirilib gəlsə, yaratdığı İslamı tanımazdı. Düşmənlər İslamı gözdən salmaq üçün onu təriqətlərə bölür, radikallaşdırır. İstəyirlər ki, müsəlman dünyasında daim xaos olsun, İslam gözdən düşsün. Bir dini neçə yerə bölmək olar? Radikalizm İslamı dindən uzaqlaşdırır və kimlərinsə əlində alətə çevirir. Təsadüfi deyil ki, bir çox ölkələrdə, o cümlədən, İranda gənclər İslamdan uzaqlaşırlar. Osmanlının üç qitəni nəzarətdə saxlamasına yardım edən İslam bu gün əsil mahiyyətindən uzaqlaşdırılır. Baxın, İslam ölkələri hansı durumdadır. Üçüncü Dünya Müharibəsi İslam ölkələrində gedir. Müsəlman dünyasında dövlətlər sünni-şiə kateqoriyalarına bölünüblər. Hətta ölkə başçıları belə təriqətlərin əsirinə çevriliblər. Azərbaycana da bu təhlükə müsəlman ölkələrindən gəlir.
Azərbaycan müsəlman dünyasının modern ölkəsidir. Din siyasətdən ayrıdır. Dövlət dini qorumalıdır, amma din dövlətin demokratik, konstitusion prinsiplərinə qarşı çıxmamalıdır.
– Bu arada Türkiyədə də seçkilər keçirildi və hakim partiya qələbə qazandı. AKP-nin qələbə qazanacağını gözləyirdinizmi? Bu seçkilər Türkiyəyə nə verdi?
– Seçkilərə qədər AKP xeyli işlər gördü, narazı elektoratın bir qismini müxalifətin əlindən ala bildi. Müxalifət partiyaları öz aralarında razılıq əldə edə bilmədi, xalq incidi. Əslində Türkiyə vətəndaşları müxalifəti cəzalandırdı. Əslində, dünyanın hər yerində belədir. Hakimiyyətdə olan partiyanın qələbə qazanmaq imkanı daha böyükdür. AKP 49 faiz səs qazandı. Yəni mütləq əksəriyyətin səsini qazana bilmədi. Ona görə də, prosesi bitmiş saymaq olmaz . Türk milliyyətçi partiyası anti-türk qüvvələrə uduzdu. Əslində HDP-nin kürd millətçiliyinə tək kürdlər deyil, ermənilər və qeyri millətdən olanlar da səs verdilər. Milliyyətçi Hərəkat Partiyasının parlamentdə cəmi 40 millət vəkili ilə iştirakı üzücüdür. Türk xalqı heç vaxt kimlərəsə boyun əyməyib və onu uçuruma aparan siyasətlə barışmayıb. İndi də öz ənənələrinə sadiq qalacaqlar.
– Bir müddət əvvəl ölkə mətbuatında sizin adınız Türkiyədə dövlət çevrilişi məsələsində hallanırdı. Bu məsələ ilə bağlı nə kimi tədbirlər gördünüz?
– Yazırdılar ki, guya mən Türkiyədə dövlət çevrilişinə cəhd edənlərdən biri olmuşam. Bununla bağlı mən Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdim, qoy araşdırsınlar. Çünki mən Türkiyəyə bağlı insanam. Türkiyədəki əsas partiyalarla əlaqəm var. Amma Azərbaycan-Türkiyə münasibətləri partiyaüstü münasibətdir. Hansısa partiyaya rəğbətimə görə, digər partiyanın əleyhinə söz demərəm. Türkiyənin əlaqədar təşkilatları bu məsələni araşdırıb, həqiqəti üzə çıxarar. Bu söz Azərbaycanda ortaya atılıb. Türkiyədə mənim kimliyimi yaxşı bilirlər.
Vaxtilə bizi Ergenekon hadisəsinə bağlamaq istəyənlər də vardı, özləri ifşa olundular. Biz məşhur din qurumlarının Azərbaycanda qol-qanad açmasının gətirə biləcəyi problemlərdən danışanda bizim bir sıra rəsmi dairələr onların dediyi ilə oturub- dururdular. Birgə məktəblər, universitet, tədbirlər, hətta Türkiyədə Azərbaycan adına strateji araşdırma mərkəzi də onların təsir altında qurulurdu. Bunlar hamısı ortadadır. Biz nə Azərbaycanda, nə Türkiyədə xalqın böyük ideallarına xidmət etməyən, dövlət maraqlarına zidd olan, kənar qüvvələrin diktəsi ilə oturub-duran təşkilatlarla əməkdaşlıq etməmişik və etmərik. Belələrini hakimiyyət özü yaxşı tanıyır.
İnterpress.az