Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkinşəhr və başqa şəhərlərində son günlər İranın “Kanal-2” telekanalında növbəti dəfə Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsinə etiraz olaraq kütləvi aksiyalar davam edir.Bu aksiyalarda etirazçılar polis və təhlükəsizlik qüvvələrinin amansız təzyiqlərinə məruz qalıblar.
İran adlanan ərazinin tarixi türk torpaqları olması və Azərbaycan türklərinin burada ta qədim zamanlardan dövlətlər qurması həqiqətdir. Bu ərazidə siyasi hakimiyyəti ələ keçirən şovinist fars rejimi nəinki bu məkanın aborigen xalqının türk olmasını qəbul edir, əksinə bütün inzibati və siyasi resurslarını Azərbaycan türkünün bir millət kimi məhv olmasına yönəldib. Hər il türklərə qarşı təqib və təzyiqlər daha da şiddətlənir, öz milli hüquqlarını tələb edən soydaşlarımız həbs olunur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, milli fəallar məhkəmələrdə ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir, eyni zamanda hərəkatçılar müəmmalı şəkildə qətlə yetirilir. İran adlanan yerin əhalisinin böyük əksəriyyətinin türk olmasına baxmayaraq, türklərin öz ana dilində danışmaları belə yasaqlanır. Fars şovinist rejiminin din pərdəsi altında törətdikləri yalnız milli haqlara, insanların doğal azadlıqlarına qarşı yönəlməyib. Bu həm də İnsan, Millət, Bəşər haqlarına qarşı yənələn allahsizlqdır.
Tehran hökumətini tezliklə bu diskriminasiya hallarına son qoymağa, eləcə də təbii insan haqları uğrunda mübarizə aparan soydaşlarımızı dərhal həbsdən azad etməyə, beynəlxalq qurumları da bu olaya seyrçi qalmamağa çağırırıq. Biz, Dünya Azərbaycanlıları Konqresi olaraq şovinist İran rejiminin qeyri-fars xalqlarına qarşı apardığı assimilyasiya və aşağılama siyasətini kəskin şəkildə pisləyir, soydaşlarımızın öz milli haqları uğrunda mübarizəni alqışlayır, dünya dövlətlərini və beynəlxalq təşkilatları bu ədalətli mübarizəyə dəstək verməyə çağırır və inanırıq ki, bu hərəkat tezliklə öz bəhrəsini verəcəkdir.
Bəyanat DAK-ın keçirdiyi yığıncaqda qəbul edilmişdir