İnterpress.az İran mediyasına istinad edərək bildirir ki, H.Ruhani deyib ki, Tehranla Vaşinqton arasında münasibətlərin əvvəlki qaydaya qayıtması Amerikadan asılıdır: “Bir gün hər iki ölkənin səfirlikləri bir-birinin paytaxtlarında yenidən açılacaq. Lakin önəm daşıyan əsas şey, məsələyə necə yanaşmaqdır. Bu isə amerikalılardan asılıdır. Əgər amerikalılar İrana münasibətdə siyasətlərini dəyişsələr və son 37 ildəki səhvlərini düzəldib İran xalqından üzr istəsələr, o zaman indiki vəziyyət yaxşılığa doğru dəyişəcək və belə olan halda yaxşı hadisələr baş verə bilər. Yəni əlaqələrimiz adiləşə bilər.
Hazırda isə nüvə məsələsi ilə əlaqədar ölkələrimiz arasında fikir ayrılığı var. Təəssüflər olsun ki, amerikalılar ölkəmizə qoyulan sanksiyaların hamısının götürülməsini istəmirlər. Bununla belə, nüvə razılaşmasının necə icra olunması gələcəkdəki münasibətlərimizə təsir edə bilər. Razılaşmanın yaxşı icra olunması Amerika ilə mövcud çaxnaşmanın azaldılmasına möhkəm bir əsas sayıla, ölkələrimiz arasındakı əlaqələrin yeni mərhələsinin başlanmasına müsbət şərait yarada bilər”.
Qeyd edək ki, 1979-cu il noyabrın 4-də bir qrup radikal islamçı tələbə Amerikanın Tehrandakı səfirliyinə hücum edib onu ələ keçirməsindən və 52 amerikalı diplomatı 444 gün müddətinə girov götürməsindən sonra Vaşinqtonla İran arasındakı rəsmi əlaqələr kəsilib.
İnterpress.az