Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Bir qrup Azərbaycan ziyalısı tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm Cənab Prezident!
Bu müraciəti Sizə ünvanlamağımız son dövrdə Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən özbaşnalıqların və qanunsuzluqların tərəfinizdən ifşa olunmasından qaynaqlanmışdır. Biz, MTN-də baş verən bütün qeyri-qanuni əməllərə hüquqi və siyasi qiymət verilməsinə, günahsızların reablitasiya olunmasına, eləcə də bütün günahkarların cəzalarına çatacaqlarına ümid edirik.
E.Mahmudovun qurbanlarından biri də, Azərbaycan Respunlikası Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri işləmiş, professor Novruzəli Məmmədov və onun ailəsidir. N. Məmmədov və onun iki oğlu məhz, E. Mahmudovun qeyri-qanuni göstərişlərinin nəticəsində dünyadan köçdülər.
Məlumat üçün bildiririk ki, 68 yaşlı Novruzəli Məmmədov 2007-ci ilin fevral ayında, səbəbi izah edilmədən MTN-nə aparılmış və ona ilk olaraq, polisə tabe olmama ilə bağlı 15 günlük inzibati həbs qərarı verilmişdi. Həmin müddət ərzində o, qanunsuz olaraq MTN-də saxlanılır. Halbuki, 65 yaşı tamam olmuş şəxslər barəsində inzibati həbs cəzası təyin etmək İnzibati Xətalar məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə qadağan olunur. İnzibati həbs müddəti bitən kimi MTN tərəfindən ona AR CM-nin “casusluq formasında dövlətə xəyanət” ittihamı elan olunur. Buna baxmayaraq, istintaq müddəti ərzində elan olunmuş casusluq ittihamı heç bir epizodda öz təsdiqini tapmır. N.Məmmədovdan törətmədiyi cinayəti etiraf etmək tələb olunur. O isə, tarix və xalqı qarşısında məsuliyyətini dərk edərək, qətiyyətlə bundan imtina edir; nəticədə isə, ağır fiziki və mənəvi işgəncələrə məruz qalır.
Ortada zərrə qədər sübut olmadığından N. Məmmədova qarşı bütün ittiham psixi cəhətdən xəstə olan bir şahidin ifadəsi ətrafında qurulmuş və buna əsasən də, E. Mahmudovun sifarişi ilə o, 24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə, Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə (dövlətə xəyanət), – 10 il müddətinə azadlıqdan məhrum etmə çəzasına məhkum edilmişdir. E. Mahmudov cəza çəkmə müəssisəsində də ahıl professoru rahat buraxmir. Ona qarşı tətbiq olunmuş ağır və dəhşətli işgəncələr nəticəsində N. Məmmədov 17 avqust 2009-cu il tarixdə həbsxanada dünyasını dəyişir.
N. Məmmədovdan başqa onun ailə üzvləri də, ardıcıl olaraq, MTN tərəfindən təqiblərə məruz qalmışlar. İstintaq zamanı N. Məmmədova ərzaq payı aparan oğlanları vasitəsi ilə ona təsir etmək üçün, bir neçə dəfə MTN işçiləri tərəfindən onlar amansızcasına döyülürlər. 08 sentyabr 2007-ci il tarixdə onun böyük oğlu Kamran Məmmədov növbəti belə döyülmə nəticəsində dünyasını dəyişir. Professorun kiçik oğlu Emil Məmmədov da, oktyabr 2007-ci il tarixdə MTN əməkdaşları tərəfindən vəhşicəsinə döyülür. 25 sentyabr 2009-cu il tarixdə Astara rayonunda dəfn olunmuş N. Məmmədovun yas mərasimindən qayıdan həyat yoldaşı və oğlu Emil müəmmalı şəraitdə avtomobil qəzasına düşürlər. Çox keçmir ki, qəzadan aldığı xəsarətlər nəticəsində professorun kiçik oğlu Emil də, dünyasını dəyişir.
Məlumat üçün bildiririk ki, bir dilçi alim olaraq, N. Məmmədovun Azərbaycan dilçiliyi sahəsində çox böyük xidmətləri vardır. O, bu sahədə 10 monoqrafiyanın, 100-dən artıq elmi məqalənin müəllifidir. N. Məmmədov ilk dəfə olaraq, Azərbaycan dilinin dialektoloji lüğətini, eləcə də dialektoloji atlasını hazırlayan alimdir. Onun “Azərbaycan dilinin Dərbənd dialekti” elmi əsəri Azərbaycan dilçiliyinə verilən əvəzsiz bir töhfədir.
Cənab Prezident!
Sizdən xahiş edirik ki, qeyd edilənləri nəzərə alıb Novruzəli Məmmədov və onun iki oğlunun qətlə yetirilməsi ilə bağlı araşdırmanın başlanmasına, eləcə də onun reablitasiya edilməsi üçün obyektiv tədqiqatın aparılmasına göstəriş verəsiniz. Ümid edirik ki, ədalətin bərpası üçün atacağınız addım bu hadisənin üzərindən hüquqi nihilizm kabusunun götürülməsi ilə nəticələnəcəkdir.
Sizə hörmətlə,
1. Arzu Abdullayeva
2. Mətləb Mütəllimli
3. Zərdüşt Əlizadə
4. Eldəniz Quliyev
5. Əli (Nasir) Nəsirov
6. Bəxtiyar İzzətov
7. İltifat Rəhimzadə
8. Qurban Məmmədov
9. Nabatali Qulamoğlu
10. Mehdibəy Səfərov
12 noyabr 2015-ci il
İnterpress.az