Maraqlıdır. Ölkəmizə azıb keçən bütün ermənilər rahatlıqla öz ölkəsinə təhvil verilir. Hətta öz ölkəsində narahat olan ermənilər də gəlib burda rahatlıq tapır. Buna toleryantlıq deyənlər də var. Bəs bu yolunu azmış erməniləri doğmaca torpağını ziyarət edərkən əsir götürülən soydaşlarımızla dəyişmək olmazmı? Bax beləcə, Lusina Abovyana da evinin həsrətini çox çəkməyə imkan vermədilər. Onu dünən qarşı tərəfə təhvil verdilər. Gəlib görək, bu olaya ziyalılarımızın münasibəti necədir? Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Lusina Abovyan adlı erməni qadının dünən qarşı tərəfə qaytarılması xəbərinə mat qalıb: “Ddoğrusu, bu xəbər mənim üçün həm gözlənilən idi, həm də gözlənilməyən. Gözlənilən idi ona görə ki, onsuz da Azərbaycan hər zaman naxələf qonşularımız olan Ermənistana öz insanlığını, mərhəmətini göstərib və yəqin ki, onlar haqq yoluna qayıtmış olsalar, bundan sonra da göstərəcəkdir. Gözlənilməyən idi ona görə ki, belə tezliklə biz o qadını geri qaytarmamalıydıq. Ona görə ki, hələ bilmək olmaz ki, onu bizim təmas xəttində olan mövqelərimizə tərəf yönəldən ermənilər çox məqsədləri özləri üçün ayrıd etmək fikrində olublar. Onu da başa düşürəm ki, indi kimlərsə durub deyə bilər ki, bu yaşda qadın bizə qarşı hansı hərəkətləri edə bilərdi və ya ondan Ermənistan tərəfi hansı maraqlarını təmin edə bilərdi. Hərbi işindən və hərbi kəşfiyyatın incəliklərindən anlıyan adamlar, xüsusən də peşakarlar bilirlər ki, müharibə şəraitində olan tərəflər istənilən variantdan və vəziyyətdən istifadə etməyə çalışırlar. O nöqteyi nəzərdən mən ehtimal edirəm ki, ermənilər ola bilsin ki, bu yaşlı qadından ön xəttimizin necə müdafiə edilməsini də öyrənmək məqsədiylə bizə tərəf göndərə bilərdi. Bədnam qonşularımızdan fərqli olaraq, biz ermənilərə hər zaman xoş münasibət sərgiləmişik və heç vaxt onlara qarşı qəddarlıq etməmişik Amma onların naxələfliyi öz doğma ata-baba ocaqlarına baş çəkmiş Dilqəm Əsgərova və Şahbaz Quliyevə, həmçinin vəhşicəsinə qətlə yetirilmiş Həsən Həsənova qarşı münasibətdə biz şahidi olduq. Düşünürəm ki, ən azından biz bir qədər tələsmədən bu işdə girovluqda saxlanılan vətəndaşlarımızla bağlı müəyyən cəhdlər edə bilərdik. Artıq iş işdən keçib və o qadın öz evindədir. Bir şeyə sevinirəm ki, əvvəlki vaxtlardan fərqli olaraq bu dəfə yaşlı qadını müayinə edən həkimlər hər hansı Azərbaycanlı “əzab-iztirabların” izlərini müəyyən etməyiblər. Çünki indiyə kimi öz vətəninə qayıdan istənilən həm mülki, həm də hərbçi ermənilər dərhal Azərbaycan tərəfinin “amansız vəhşiliyindən” bəh-bəhlə kamera və mikrofonlar qarşısında danışıblar. Çox yaxşı oldu ki, dumanda azaraq Azərbaycan tərəfə keçdiyini bildirən Lusina Abovyan özünü yaxşı hiss etdiyini və ona qarşı hər hansı kobudluğun olmadığını etiraf etdi. Beynəlxalq Qırmızı Xaç Komitəsi də Azərbaycanın bu insanpərvəlik və humanistliyindən istifadə edərək qarşı tərəfdən iki girovumuzun işində bir insanlıq nümayiş etdirməyə çağırış edərdi. Doğulduğu yurd –yuvası erməni işğalında olan tanınmış yazar Xalid Kazımlı isə erməni qadının geri qaytarılmasını düzgün addım adlandırdı: ““Dolu” filmində belə bir gözəl epizod var: əsərin qəhrəmanı deyir ki, biz torpaq davası aparırıq, arvad-uşaq davası yox. Gerçəkdən də, ciddi dövlət qoca, günahsız qarıları girov götürüb kiminləsə onu dəyişməsi və ya qisas almaq üçün istifadə etməsi xoşagəlməz işdir. Hesab edirəm ki, yolu azan və düşmən tərəfə keçən şəxslər qeyd-şərtsiz öz ölkələrinə qaytarılmalıdır. Bunu humanizm prinsipləri tələb edir. Ermənilər buna riayət etməsələr, bu, onların cılızlığını göstərir. Düşmən cılızdır deyə, biz də cılızlıq etmək zorunda deyilik.”
Abuzər
İnterpress