Aprelin ilk günlərindəki gərgin döyüşlərdə düşmənin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasına, insan tələfatının baş verməsinə cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyi çox sərt bir xəbərdarlıq etmişdi. Aprelin 4-də ordumuzun rəhbərliyi qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endiriləcəyini bəyan etdi.
Son əməliyyatlarla Azərbaycanın niyyətinin ciddiliyini anlayan düşmən məhz bu xəbərdarlıqda sonra müəyyən qədər özünü yığışdırdı. Növbəti günlərdə erməni tərəf Mingəçevir Su Elektrik Stansiyasına zərbə endiriləcəyi ilə təhdid edəndə yenə də Xankəndi məsələsi gündəmə gəldi. O zaman bir sıra ekspertlər, o cümlədən ciddi təhlilləri ilə diqqət çəkən politoloq Elxan Şahinoğlu Mingəçevirə zərbə endiriləcəyi halda, Xankəndinin daşının-daş üstə qalmayacağı haqda xəbərdarlıq etdi. Düşmənin təhdidlərinin qarşılığında bəlkə də bu kimi cavablar normal görünür. Ancaq hiyləgər düşmən bir sıra hallarda bu kimi təxribatçı hərəkətləri ilə Azərbaycandan aqressiv və mülki ünvanlara yönələn təhdidlər qoparmağa, bundan beynəlxalq aləmdə özünü “yazıq” göstərməklə istifadə etməyə çalışır. Düzdür, Xankəndində separatçılar məskən salıb. Ancaq bu şəhər bizə məxsusdur, onu darmadağın etmək elə öz büdcəmizə ziyan vurmaqdır. Digər tərəfdən, orada girovluqda olan dinc ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bəlkə biz daha korrekt davranaq, deyək ki, düşmənin Xankəndindəki mövqelərinə, məsələn, hərbi obyektlərə, yaxud separatçıların qərargahlarına, silah anbarlarına nöqtəli zərbələr endirə bilərik və s.
Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, məsələyə özəl yanaşması var: “Bəli, belə də demək olar. Ancaq Mingəçevir SES-in vurulması minlərlə insanın həlak olmasına gətirib çıxara bilər. Bunun cavabı da Xankəndində məskunlaşan separatizm ocağının dağıdılması olmalıdır”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, Mingəçevir SES-i vuracaqları ilə təhdid əslində informasiya və mənəvi-psixoloji müharibənin elementlərindən biridir: “Düşməni bir qədər sakitləşdirmək və yerində oturtmaq üçün isə bizim tərəf də separatçıların daha çox məskunlaşdıqları Xankəndini raket atəşinə tutacağımızı bəyan edir. Siz bu açıqlamadan sonra ermənilərin onsuz da gərgin və panik vəziyyətdə olan mənəvi-psixoloji, fiziki durumlarının üzərinə əlavə necə gərginliyin gəlməsini gözlərinizlə görsəydiniz, bəlkə də tamam başqa şeylər haqqında düşünmək lazım olardı”.
Hərbi ekspert bir məqama da diqqət çəkdi: “Məsələnin mahiyyətindən dərindən xəbərləri olan hər kəs gözəl bilir ki, biz heç bir halda öz doğma məkanımız və şəhərimiz olan Xankəndini nə vurası deyildik, nə də oralara ağır raketlərlə zərbə endirmək niyyətində olmamışdıq. Sözsüz ki, əgər erməni tərəfi hər hansı ağılsız hərəkət etmiş olsaydı, biz lazım olan bütün variantlardan istifadə edəcəkdik. Bunu bizə heç kim nə qadağan edə bilməzdi, nə də buna qarşı çıxa bilməzdi. Müdafiə Nazirliyi dəfələrlə bəyan etmişdir ki, biz düşmənin istənilən təxribatlarına daha ağır və sərt şəkildə cavab verəcəyik. Mingəçeviri özlərinə hədəf seçən erməni ”ağıllıları\” gərək onları hansı daha ağır, mən deyərdim faciələrin gözlədiyini də unutmasınlar. Şükürlər olsun ki, bu günə qədər Azərbaycan olaraq bizə kimsə Ermənistanla bağlı hansısa hədələyici bəyanatların və ya fikirlərin olmasını göstərə bilməz\”. (musavat)
İnterpress.az