90 saylı dairədən deputatlığa namizədliyini irəli sürən yoxdurbackend

90 saylı dairədən deputatlığa namizədliyini irəli sürən yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində təkrar deputat seçkisi keçiriləcək. Artıq bu barədə prezidentin sərəncamı var. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin “Yeni Müsavat”a verdiyi xəbərə görə, deputatlığa namizədliyini irəli sürmək istəyən şəxslər üçün vaxt 10 gündən artıqdır start götürüb:

“Seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi mətbuatda dərc olunduqdan sonra deputatlığa namizədlərin irəli sürülməsi başlayır. Cənab prezidentin 90 saylı Ağdaş seçki dairəsində seçki keçirilməsi barədə sərəncamı martın 13-də mətbuatda dərc olunduğu üçün həmin gündən deputatlığa namizədlərin irəli sürülməsinə qanun icazə verir. Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə namizədliyi irəli sürülən şəxs tərəfindən müvafiq sənədlər dairə seçki komissiyasına təqdim edildikdən sonra beş gün müddətində DSK bu barədə əsaslandırılmış qərar qəbul edir. Namizədliyin irəli sürülməsi təsdiq edildikdən sonra namizəd və ya onun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verilir. Bundan sonra namizədin müdafiəsi üçün imza toplanması mərhələsi başlayır. Sənədlər səsvermə gününə ən azı 30, ən çoxu 50 gün qalmış saat 18.00-dək DSK-ya təqdim olunmalıdır. İmzalar və digər sənədlər təqdim edildikdən sonra DSK 7 gün müddətində baxıb namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir”.

Ş.Əsədli qeyd etdi ki, namizədlər irəli sürüldükcə, müvafiq məlumatlar MSK-nın internet səhifəsində xüsusi bölmədə yerləşdiriləcək. Hələlik isə heç bir məlumat yerləşdirilməyib. Bu isə o deməkdir ki, bu günədək namizədliyini irəli sürən yoxdur.

Göründüyü kimi, hələ ki 90 saylı dairədən heç kimin namizədliyi irəli sürülməyib. Hətta hakim Yeni Azərbaycan Partiyası da bu dairədən namizədinin kim olacağını açıqlamayıb.
Müxalifət partiyalarından isə Müsavat, AXP, AXCP seçkidə iştirak etməyəcəklərini ötən həftə açıqlayıblar.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, 90 saylı seçki dairəsində təkrar seçkidə iştirak edib-etməmək məsələsi bir dəfə partiyanın Rəyasət Heyətində müzakirə edilib, ancaq yekun qərar verilməyib: “Partiyada ümumi fikir belədir ki, seçkidə iştirak edilsin. Amma yekun qərarı partiyanın Rəyasət Heyəti yenidən müzakirə etdikdən sonra verəcək”.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, seçkidə iştirak etmək istəmirlər: “Çünki seçki oyunbazlığında iştirak etməyin mənası yoxdur. Məzahir Pənahov nə qədər ki, MSK-ya rəhbərlik edir, Azərbaycanda ümumiyyətlə seçkidən danışmaq olmaz. Bir demokratın seçki oyununda iştirak etməsi demokratiyaya xəyanətdən başqa bir şey deyil”.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil isə dünən “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkidə iştirak etmək fikrində deyillər: “Ölkənin 124 seçki dairəsində normal seçki keçirildi ki, indi bir dairədə seçki keçirilsin. 2015-ci ildə parlament seçkilərində iştirak edərək bir daha sübut etdik ki, Azərbaycanda əslində seçki keçirilmir. ”AZADLIQ 2015\” seçki bloku olaraq Avropa İnsan Haqları Məhkəməsinə 20-yə yaxın şikayət hazırlanır. Şikayətlərin bir hissəsi artıq göndərilib, qalanları da göndəriləcək. Şikayətlərin 11-i KXCP namizədləri tərəfindən verilib. Blok və partiya olaraq bir daha göstərdik ki, artıq 22 ildir ölkəmizdəki parlament qanuni yolla formalaşmır\”.

AMİP katibi Elşən Mustafayev isə bildirdi ki, 90 saylı dairədə seçkiyə qatılıb-qatılmamaq məsələsi hələ müzakirəyə çıxarılmayıb: “Partiya üzvlərindən kimsə o dairədən namizəd olmaqla bağlı istəyini bildirməyib. Bu, ölkə üzrə keçirilən seçki kampaniyası deyil, yalnız bir yer üzrə keçirilən seçkidir. Hesab edirəm ki, əgər həmin dairədən özünü namizəd kimi görən partiya üzvümüz olacaqsa və istəyini ortaya qoyarsa, o zaman partiya olaraq 90 saylı dairədən seçkidə iştirak edib-etməməklə bağlı məsələ müzakirəyə çıxarılacaq”.
Qeyd edək ki, ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində 90 saylı dairədən həmin dairənin deputatı Çingiz Əsədullayev yenidən mandat qazanmışdı. YAP-ın siyahısında olmasına baxmayaraq, noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edildi və Əsədullayev mandatsız qaldı.

İnterpress.az