Məlumatda qeyd edilir ki, Gəncə şəhər 25 saylı məktəbin üçüncü sinif şagirdi Yusif Vəliyev Almaz (soyadı qeyd olunmayıb) adlı idman müəlliməsi tərəfindən döyülüb. Müəllimə uşağın nadinclik etdiyini səbəb gətirərək əvvəlcə uşağın qulağını çəkib, daha sonra isə təpikləyib.
Döyülmüş məktəblinin nənəsi Leyla Quliyeva məktəbə gedərək nəvəsinin hansı səbəbdən döyülməsini öyrənməyə çalışıb. Lakin uşağı döyən müəllimə gizlənərək nə nənənin qarşısına çıxıb, nə də uşağın döyülmə səbəbini açıqlayıb. Məktəbin direktoru Samadil müəllimə nənəni sakitləşdirməyə çalışıb.
Məktəblinin nənəsi bildirir ki, nəvəsinin idman dərsində nadinclik etdiyinə görə döyüldüyünə inanmır:
“Çünki idman dərsi elə uşaqların qaçıb-oynaması üçün nəzərdə tutulub. Nadinclik edən uşağın qulağını çəkmək olar, ancaq təpikləmək müəllimə, xüsusilə də qadın müəlliməyə yaraşmaz. Qadın anadır, bacıdır, nənədir və qadın müəllimə uşaqla uşağın öz dilində danışmağı bacarmalıdır. Biz uşaqlarımızı məktəbə, təhsil və tərbiyyə ocağına göndəririk.
Ancaq indi anlaşılır ki, Almaz müəllimi kimilərin tərbiyyədən zərrə qədər də anlayışı yoxdur. Mən şagirdini təpiklə döyən müəllimənin psixoloji durumunun qaydasında olmasına şübhəylə yanaşıram, düşünürəm ki, onda ciddi problemlər var. Və belə bir qadının pedaqoq kimi fəaliyyəti yolverilməzdir. Bir nənə olaraq aidiyyati qurumlardan məsələ ilə bağlı xüsusi ölçü görülməsini xahiş və tələb edirəm”.(moderator.az)
İnterpress.az