İnterpress.az-ın erməni mətbuatına istinadən yaydığı xəbərə görə, nazirlik 2015-ci il istehsalı olan bu tankın Ermənistanın silah arsenalına daxil ediləcəyini təsdiqləyib.
Erməni tərəfi xəbər verir ki, 12 ölkənin qatıldığı yarışda iki zabit və xidmətdən artıq qulluq edən hərbçilərlə təmsil olunan Ermənistan tankçıları ikinci yeri tutubmuş. İddiaya görə, Rusiyanın Müdafiə Nazirliyi o zaman ikinci yeri qazanan “xarici komandaya“ T-90C hədiyyə edəcəyi vədini veribmiş. Ermənistan mediası həvəslə T-90C-nin qarşılanması mərasimini yayıb.
Bununla düşmən ölkə həm Azərbaycana tankçılarının “uğurları”nı nümayiş etdirmək, həm də müasir texnikaya malik olduğunu göstərmək istəyir. Ancaq Ermənistan 2-5 aprel döyüşlərində 14 tank itirdiyini rəsmən etiraf etmişdi. Görünən budur ki, Rusiya Ermənistana “priz” əvəzinə tank hədiyyə etməklə həm işğalçı ölkənin könlünü almaq, həm də müasir hərbi texnikanı “yarışda qazanılan hədiyyə” adı ilə bu ölkəyə vermək istəyib. Özü də iki il əvvəl “yarışda udulan” tankın məhz Seyran Ohanyanın Moskva səfərində olduğu zaman İrəvana göndərilməsi də təsadüfə bənzəmir. Qarabağ döyüşlərinin qızışdığı bir dövrdə tamamilə mümkündür ki, Moskva Azərbaycanı ondan növbəti müasir silahlar almağa həvəsləndirmək istəyir. Yeri gəlmişkən, Azərbaycan xeyli müddətdir T-90C tanklarını ordusunun silah arsenalına daxil edib, bir müddət öncə Rusiyaya da 200 T-90C tankı sifariş verdiyi barədə xəbərlər yayılmışdı.
İnterpress.az